Qəbul imtahanları artıq başa çatıb və bir neçə həftədən sonra ixtisas seçimi başlayacaq. Abituriyentlər ixtisas seçimi barədə düşünməyə başlayıb.
Azərbaycanda ən çox maraq göstərilən, eyni zamanda ən çox müzakirə edilən ixtisaslardan biri də beynəlxalq münasibətlər ixtisasıdır. İxtisas ötən əsrin əvvəllərindən başlayaraq dünyanın müxtəlif universitetlərində məşhurlaşmağa başlayıb. Bu ixtisasda tələbələrə xarici siyasət, diplomatiya, dövlətlərin, hökumətlərin, beynəlxalq təşkilatların arasındakı münasibətlər, müxtəlif ölkələrin siyasi sistemlərini müqayisəli təhlili və sair mövzular tədris edilir.
Ölkəmizdə də bir çox universitetdə bu ixtisas tədris olunur. Bu ixtisas əvvəllər III ixtisas qrupuna daxil edilib, 2011-ci ildən II ixtisas qrupunda olub. 2021-ci ildə isə yenidən III ixtisas qrupuna qaytarılıb. Bu il də universitetlər bu ixtisas üzrə müəyyən plan yerləri ayırıb.
Beynəlxalq münasibətlər ixtisasından şikayətlər də az deyil. Bu ixtisasın məzunları iş tapmaqda çətinlik çəkdiklərini bildirir.
"Bir zamanlar beynəlxalq münasibətlər hüquqşünaslıqla başabaş gedirdi..."
Sözügedən ixtisasın məzunu, VI çağırış Milli Məclisin deputatı Cəbi Quliyev Modern.az-a mövzu ilə bağlı bildirib ki, beynəlxalq münasibətlər və diplomatiya Azərbaycanın ən çox ehtiyacı olan sahələrdəndir:
“Bundan sonrakı dövrdə də biz diplomat nəsillər yetişdirməliyik ki, bizi yaxşı təmsil etsin, ölkəmizin haqq-hüquqlarını beynəlxalq ictimaiyyət qarşısında qaldıra bilsinlər. Bu gün tək dövlət sektorunda yox, elə özəl müəssisələrdə də beynəlxalq əlaqələr, beynəlxalq satınalma şöbələri var. Bu ixtisasın kifayət qədər böyük perspektivi də, imkanları da var. Beynəlxalq münasibətlər ixtisasının III ixtisas qrupu qəbul planında yer aldığı zamanlar bu ixtisas ən nüfuzlulardan biri idi. Bir zamanlar beynəlxalq münasibətlər hüquqşünaslıqla başabaş gedirdi. Mənim universitetə qəbul olduğum ildə bəzi universitetlərdə bu iki ixtisas arasındakı bal fərqi minimum idi. Özüm oxuduğum Naxçıvan Dövlət Universitetində 17 nəfər qəbul olmuşduq, 500-dən az bal toplayan yox idi. Amma ixtisasın qrupunu dəyişdikdən sonra müəyyən mənada maraq da azaldı. Çünki beynəlxalq münasibətlər tarix yönümlüdür, II ixtisas qrupunun riyaziyyat, coğrafiya yönümlü olması ixtisasa marağı azaldı. İxtisas yenidən III ixtisas qrupuna qaytarıldıqdan sonra yenidən maraq artmağa başladı. Bu ixtisasa hazırda kifayət qədər maraq var, yüksək bal toplayan savadlı uşaqlar bu ixtisası seçirlər. Bu ixtisas birbaşa diplomat yetişdirir. Məzunlar daha çox xarici missiyalarda, xarici əlaqələrlə bağlı məsələlərdə fəaliyyət göstərirlər”.
"Azərbaycanda ictimai elmlərə, xüsusilə də beynəlxalq münasibətlərə yetərli qədər önəm verilmir"
UNEC-də beynəlxalq münasibətlər ixtisasında müxtəlif fənləri tədris edən Nazim Cəfərsoy bildirib ki, beynəlxalq münasibətlər son 100 ildə ortaya çıxan ixtisaslardan biridir:
“Bu mənada amerikan ixtisasıdır deyə bilərik. Tarixən diplomatiya çox əhəmiyyətli formada aktuallıq qazansa da, xüsusi olaraq bu sahəyə ixtisas kimi baxılması son 100 ildə ortaya çıxıb. Bu ixtisas daha geniş şəkildə qərbdə anqlosakson ənənəsində, spesifik olaraq İngiltərə və ABŞ-də yayğındır. Müəyyən alimlər var ki, bu ixtisası amerikan elmi adlandırıblar. Bu ixtisasın Azərbaycana gəlişi isə olduqca problemli olub. Çünki bu qərb elmidir, SSRİ ilə qərb arasındakı rəqabət dövründə ortaya çıxıb. Bu da elmin SSRİ-yə gəlməsinə əngəllər yaradırdı. Çünki SSRİ-də bu elmə qərbdən gəldiyi üçün problemli baxılıb. Bu dövrdə qərb yazarlarına, ixtisaslarına neqativ münasibət bəslənib. SSRİ-də bu ixtisas sadəcə Moskvada və Kiyevdə olub. Azərbaycan SSRİ-nin əyaləti sayıldığı üçün Kiyev və Moskvada olan bu ixtisasın ölkəmizə gəlib çıxması 1990-cı illərə təsadüf edir. Həmin illərdə Azərbaycanda ən prestijli ixtisaslar da məhz adının önündə beynəlxalq sözü olan ixtisaslar idi, məsələn beynəlxalq hüquq, beynəlxalq münasibətlər, beynəlxalq jurnalistika kimi. Bu üç mexanizm Azərbaycan cəmiyyətində aktual hala gəlib. Sonra isə bu ixtisas bir neçə parametrlərə görə geri plana düşməyə başlayıb. Çünki ölkədə bu ixtisasın tədrisi, ədəbiyyatı, müəllimləri yetərincə effektiv olmayıb. Bu sahə bizdə daha əvvəl inkişaf etmədiyi üçün yetərli keyfiyyətdə tədris çox az olub.
Onun sözlərinə görə, bu gün beynəlxalq münasibətlər ixtisası əsasən Xarici İşlər Nazirliyi, bir sıra xarici qurumlarda və az sayda universitetlərdə məhdudlaşır:
“Hazırda bu ixtisasın ölkəmizdə ciddi ənənəsi yoxdur, olmadığı üçün də ixtisaslaşma məsələsində ciddi problemlər var. Bu problemlər özünü tədris, ədəbiyyat və müəllim məsələlərində göstərir. Azərbaycan cəmiyyətində orta məktəblərdə xarici dil tədrisi ilə bağlı problem var ki, bu da öz təsirini göstərir. İnsanlar xarici dili orta məktəbdə deyil, universitetdə öyrənməyə çalışırlar, bu da xarici diplomatlıq baxımından problem yaradır. Bu ixtisas tarix, hüquq, nəzəriyyə kimi 3 dayağın üzərində durur. Bunlar beynəlxalq münasibətlərin təməlidir, bunlar olmadan bu elmi inkişaf etdirmək mümkün deyil. Bunun xaricində qloballaşan proseslər də var ki, onları da tarixdən, hüquqdan, nəzəriyyyədən, sityasətdən müstəqil inkişaf etdirmək mümkün deyil. Azərbaycanda ictimai elmlərə, xüsusilə də beynəlxalq münasibətlərə yetərli qədər önəm verilmir”.
"İstənilən müstəqil və inkişaf etmək istəyən ölkə üçün vacib ixtisasdır"
Təhsil eksperti Elçin Murad bildirib ki, bu gün cəmiyyətdə ixtisasların hansı sahələri, hansı iş prinsipləri həyata keçirdiyi ilə bağlı kəskin məlumatsızlıq hökm sürür:
“Əksər valideynlər və ya abituriyentlər mahiyyətini dərk edə bilmədikləri üçün ixtisasa birmənalı şəkildə baxır və dar çərçivədə yanaşır. Məsələn "ekologiya mühəndisliyi", "maşın mühəndisliyi", "mexanika mühəndisliyi", "sosial iş", "marketinq" və s. Bu ixtisaslardan biri də "beynəlxalq münasibətlər" ixtisasıdır. Sadaladığım bu və bunun kimi bütün ixtisasların alt mahiyyətini, nəyə xidmət etdiyini izah etmək olar. Məsələn, "beynəlxalq münasibətlər" ixtisası bu gün istənilən müstəqil və inkişaf etmək istəyən ölkə üçün vacib ixtisasdır. Çünki bu ixtisas xarici ölkələrin həm dövlət səviyyəli, həm özəl şirkətlərlə bağlı məsələlərini tənzimləyir, müəyyən əlaqələrin qurulmasına xidmət edir, ölkələrarası əməkdaşlıqların təmin olunmasına xidmət edir. Bu ixtisası bitirən vakantlar həm ölkə daxili, həm də ölkə xarici qurumlarda və şirkətlərdə işlə təmin oluna bilərlər. Bunun üçün ixtisasın peşəkarı olmaq lazımdır. Qısası, düşünürəm ki, bu ixtisas önəmli ixtisasdır və bu sahədə kütləvi maarifləndirmə aparılmalıdır. Valideynlərə diqqətli olmağı tövsiyə edirəm. Bacarırlarsa seçimi özləri etsinler, bacarmırlarsa bilən şəxslərə (Dövlət İmtahan Mərkəzinin təsis etdiyi "abituriyent məsləhət mərkəzləri"nə və ya bu sahədə peşəkar olan elm və təhsil üzrə ekspertlərə) müraciət etsinlər”.
Rəşid Qarayev