Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampa hədiyyə etdiyi sirli rəsm üzə çıxıb.
Metbuat.az xəbər verir ki, Kremlin sifarişi ilə hazırlanan əsərdə Trampın mitinqdə uğursuz sui-qəsd cəhdindən sonra çəkilmiş səhnə təsvir edilib. CNN-ə danışan məşhur rus rəssamı Nikas Safronov rəsmin onun tərəfindən hazırlandığını və ilk dəfə ictimaiyyətə nümayiş etdirildiyini açıqlayıb. Bildirilib ki, əsər Kreml vasitəsilə Trampa çatdırılıb və əsəri Putin özü göndərib. Rəsm Trampın Pensilvaniya ştatının Butler şəhərindəki mitinqində uğursuz sui-qəsd cəhdindən sonra yumruğunu havaya qaldırdığı dramatik anı təsvir edir.
Rəssam, "O anı göstərmək istədim, üzündəki qan və yara. O, qorxmadı, geri çəkilmədi. O, yumruğunu qaldıraraq Amerika ilə bir olduğunu və ölkəsini layiq olduğu yerə qaytaracağını bəyan etdi", - deyə bildirib.