Bakı. Trend:
İşçi səfəri çərçivəsində İstanbula gələn Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla təkbətək görüş keçirib. Zelenski mühüm və məzmunlu görüş keçirdiklərini və müzakirə mövzularını qeyd edib.
"Türkiyə Prezidenti Ərdoğanla mühüm və məzmunlu görüş keçirdik.
Görüşümüzün Beynəlxalq Qara dəniz Günündə baş tutması rəmzi məna daşıyır. Müzakirələrimizin əhəmiyyətli hissəsi Qara dənizlə bağlı məsələlərə həsr olundu. Prezident Ərdoğanla faydalı ola biləcək bir sıra yeni ideya və təklifləri müzakirə etdik. Buraya ərzaq təhlükəsizliyi də daxildir. Bu gün Prezident Ərdoğanla Qara dəniz Taxıl Dəhlizi üzərində işləmək barədə razılığa gəldik. Məqsədimiz dəhlizin fəaliyyət göstərməsini və səmərəli işləməsini təmin etməkdir.
Yeni birgə sənaye və digər iqtisadi layihələr hazırlayırıq. Ölkələrimiz arasında Azad Ticarət Sazişi qüvvəyə minib və bu, Ukrayna və Türkiyə biznesi üçün yeni imkanlar açır. Enerji və infrastruktur sahələrində də böyük potensialımız var və bu məsələləri də müzakirə etdik. Türkiyənin enerji şirkətlərinin nümayəndələri ilə görüşdük. Artıq gələn həftədən generatorların və digər enerji avadanlıqlarının tədarükünün artırılacağını gözləyirik.
Aydın və məzmunlu əməkdaşlığa, eləcə də bizi real sülhə və təhlükəsizliyə yaxınlaşdıra biləcək bütün perspektivli ideyaları dəstəkləməyə Türkiyənin hazır olmasına görə Prezident Ərdoğana minnətdaram", - deyə Zelenski "X" sosial şəbəkə hesabında qeyd edib.