Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyədə keçirilən sammitində iştirak etməməsi Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranmış müzakirələrin fonunda xüsusi diqqət çəkir. Bu qərarın qiymətləndirilməsi üçün təkcə sammitin özünə deyil, iki ölkə arasında münasibətlərin xarakterinə, Azərbaycanın müstəqil xarici siyasətinə, Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyaya, dövlət başçılarının əvvəlki beynəlxalq tədbirlərdə iştirak təcrübəsinə və diplomatiyada qarşılılıq prinsipinə birlikdə nəzər salmaq lazımdır.
Azərbaycanın xarici siyasəti: müstəqil qərarvermə hüququ müzakirə mövzusu ola bilməz
Son üç ildə Türkiyənin informasiya məkanında Azərbaycan, Prezident İlham Əliyev, Azərbaycan xalqı və dövləti ilə bağlı qərəzli, çirkin, etik çərçivələri aşan kampaniyalar müxtəlif vaxtlarda yenidən gündəmə gəlib. Son bir ayda bu proses daha geniş miqyas alıb. Müzakirələrin əsas istiqamətlərindən biri Azərbaycanın İsraillə əməkdaşlığı, Bakı ilə Təl-Əviv arasındakı münasibətlər və Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe olub.
Bu kampaniyanın mahiyyətində Azərbaycanın xarici siyasət seçimlərinin necə qiymətləndirilməsi məsələsi dayanır. Azərbaycan müstəqil dövlətdir və digər ölkələrlə siyasi, iqtisadi, təhlükəsizlik və diplomatik əlaqələrini milli maraqlarına uyğun müəyyənləşdirir. Hər hansı dövlətin və ya ictimai-siyasi qrupun Azərbaycanın münasibətlərini öz gözləntilərinə uyğun qurmasını tələb etməsi isə suveren qərarvermə hüququ ilə uzlaşmır.
Azərbaycan-Türkiyə münasibətlərinin əsasını təşkil edən “bir millət, iki dövlət” prinsipi də bu baxımdan düzgün anlaşılmalıdır. Bu ifadə iki xalqın tarixi və mədəni yaxınlığını, qarşılıqlı dəstəyini və strateji tərəfdaşlığını əks etdirir. Lakin həmin prinsip Azərbaycanın xarici siyasətinin başqa ölkələrin tələblərinə uyğunlaşdırılması kimi başa düşülə bilməz. Strateji tərəfdaşlıq dövlətlərdən birinin digərinin siyasi iradəsinə tabe olmasını deyil, qarşılıqlı suverenliyin tanınmasını və fikir ayrılıqlarına hörmətlə yanaşılmasını tələb edir.
İsraillə əməkdaşlıq və fərqli meyarlar məsələsi
Azərbaycanın İsraillə əməkdaşlığı Türkiyənin informasiya məkanında qara piar, informasiya hücumlarının əsas mövzularından birinə çevrilib. Halbuki, Türkiyə İsraillə az qala strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malik idi və son illərdə də verilən açıqlamalara, alovlu çıxışlara baxmayaraq, iki ölkə arasında sıx iqtisadi-ticarət əlaqələri var. Türkiyənin İsraillə münasibətləri də müxtəlif dövrlərdə siyasi və ictimai müzakirələrin predmetinə çevrilib. Bu iki ölkənin əlaqələrinə münasibətdə fərqli meyarların tətbiq olunması məsələsi, Türkiyəyə olar, Azərbaycana olmaz məntiqi zərərli yanaşmadır və bu kontekstdə ikili standartlara xidmət edən qərəzli yanaşma kimi ortaya çıxır.
Azərbaycanın başqa dövlətlə əməkdaşlığı qiymətləndirilərkən həmin münasibətlərin konkret məzmunu, milli maraqlar və mövcud faktlar əsas götürülməlidir. Eyni yanaşma Türkiyənin xarici əlaqələrinə münasibətdə də tətbiq olunur. Bir dövlətin müəyyən ölkə ilə əməkdaşlığını milli maraqların nəticəsi kimi qəbul edib, digər dövlətin oxşar seçimlərini yalnız siyasi və ideoloji səbəblərlə tənqid etmək ardıcıl yanaşma deyil.
Azərbaycanın xarici siyasətini müəyyənləşdirmək hüququ onun dövlət müstəqilliyinin ayrılmaz hissəsidir. Bakı ilə Ankara arasında müttəfiqlik münasibətləri bu hüququ məhdudlaşdırmır. Əksinə, tərəfdaşlığın dayanıqlılığı tərəflərin bir-birinin milli maraqlarını və müstəqil qərarlarını qəbul etməsindən asılıdır.
BMT-dəki hadisə və məktəbli forması ətrafında mübahisələr
Oktyabrın əvvəlində BMT-də keçirilən sessiya zamanı İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı ilə bağlı hadisə Türkiyənin informasiya məkanında Azərbaycana qarşı müzakirələrin yenidən kəskinləşməsinə səbəb olub. Azərbaycan nümayəndəsinin çıxış zamanı zalı tərk etməməsi tənqidlərin mövzusuna çevrilib. Ardınca müzakirələr Azərbaycanın xarici siyasətinə və dövlət rəhbərliyinə yönələn daha geniş ittihamlarla müşayiət olunub.
Bu hadisənin ardınca Azərbaycan Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarı da mübahisələrə daxil edilib. Azərbaycan məktəblisinin geyinəcəyi vahid forma mövzusu Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunub, Azərbaycan əleyhinə çıxışlar isə daha sərt xarakter alıb. Müzakirələr təkcə konkret qərarın məzmunu ilə məhdudlaşmayıb, Azərbaycan dövlətinə və onun rəhbərliyinə yönələn tənqid və təhqirlərlə genişlənib.
Burada iki fərqli məsələni ayırmaq lazımdır. Dövlətin qərarlarını tənqid etmək, onların hüquqi əsaslarını müzakirəyə çıxarmaq və alternativ mövqelər səsləndirmək mümkündür. Ancaq konkret siyasətlə bağlı fikir ayrılığının bütöv dövlətə, xalqa və rəhbərliyə qarşı alçaldıcı ifadələrə çevrilməsi artıq adi siyasi müzakirə çərçivəsindən kənara çıxır.
Azərbaycanın Ermənistanla təxminən 30 il davam edən qarşıdurması dövründə belə bu səviyyədə alçaldıcı münasibətlə üzləşməyib. Bu müqayisə kampaniyanın Azərbaycan ictimaiyyətində doğurduğu narazılığın miqyasını ifadə edir. Əsas məsələ isə aydındır: dövlət siyasəti ilə bağlı mübahisələr xalqlar arasında düşmənçilik yaratmaq üçün vasitəyə çevrilməməlidir.
Səfirliklər qarşısında altı aksiya və kampaniyanın regional miqyası
Azərbaycanın Ankaradakı və İstanbul şəhərindəki diplomatik nümayəndəlikləri qarşısında altı aksiya keçirilib. Həmin aksiyalar zamanı Azərbaycan ünvanına ağır ittihamlar və təhqiramiz ifadələr səsləndirilib. Belə hadisələr iki ölkə arasında ictimai münasibətlərin vəziyyətini qiymətləndirərkən nəzərə alınmalı olan amillərdir.
Diplomatik nümayəndəliklər dövlətlərarası əlaqələrin həyata keçirilməsində mühüm rol oynayır. Səfirlik qarşısında etiraz aksiyası keçirmək özlüyündə qanun pozuntusu sayıla bilməz. Bununla belə, etirazın təhqir, təhdid və ya zorakılıqla müşayiət olunması ayrıca hüquqi qiymətləndirmə tələb edir. Əsas prinsip etiraz hüququ ilə diplomatik nümayəndəliklərə hörmətin qorunmasıdır.
Türkiyə mediasında və sosial şəbəkələrində hicab mövzusunun ərəb dünyasının informasiya məkanına daşınması da kampaniyanın coğrafiyasının genişlənməsinə təsir göstərib. Nəticədə Azərbaycanda qəbul edilmiş qərarla bağlı mübahisə daha geniş regional müzakirənin tərkib hissəsinə çevrilib.
Bu prosesin yaratdığı əsas problem tənqidlərin mövcudluğu deyil, müzakirələrin hansı formada aparılmasıdır. Siyasi qərarların əsaslandırılmış tənqidi ictimai müzakirənin normal hissəsidir. Lakin təhqirlərin, ümumiləşdirilmiş ittihamların və emosional ritorikanın ön plana çıxması dövlətlərarası münasibətlərdə etimadı zəiflədir.
Azərbaycan əleyhinə kampaniyaya Türkiyənin rəsmi qurumlarının gec müdaxilə etməsi məsələsi də narahatlıq doğurur. Belə proseslərdə rəsmi qurumların vaxtında və aydın mövqe nümayiş etdirməsi ictimai gərginliyin qarşısının alınmasına kömək edə bilərdi. Siyasi qüvvələrin, media subyektlərinin və ictimai xadimlərin davranışları cəmiyyətin başqa ölkəyə münasibətinə təsir göstərdiyindən, bu məsələdə məsuliyyətli kommunikasiya xüsusi əhəmiyyət daşıyır və təəssüf ki, tətbiq olunmadı.
Dövlət başçılarının sammitlərdə iştirak etməməsi yeni hal deyil
Beynəlxalq tədbirlərdə iştirak məsələsini qiymətləndirərkən əvvəlki diplomatik təcrübəyə də nəzər salmaq lazımdır. 2024-cü il iyulun 6-da Şuşada keçirilən TDT-nin qeyri-rəsmi sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etməyib. Türkiyəni həmin tədbirdə vitse-prezident Cevdet Yılmaz təmsil edib. Ərdoğan isə Almaniyada Türkiyə və Niderland milli komandaları arasında keçirilən futbol üzrə Avropa çempionatının dörddəbir final oyununu izləyib.
2026-cı ilin mayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda, eləcə də oktyabrın 15-də paytaxtda təşkil olunan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yeddinci sammitində Türkiyə Prezidentinin iştirak etməməsi də nəzərə alınmalı olan nümunələrdəndir.
Diplomatiyada qarşılılıq prinsipi də məhz bu kontekstdə əhəmiyyət qazanır. Dövlətlər qarşılıqlı münasibətlərdə tərəfdaşlarının addımlarını, həssaslıqlarını və maraqlarını nəzərə alırlar. Qarşılılıq hər vəziyyətdə eyni addımın təkrarlanması demək deyil, əsas məqsəd tərəflərin bir-birinə bərabərhüquqlu münasibət göstərməsidir.
FIFA U-15 dünya çempionatı və Azərbaycanın beynəlxalq öhdəlikləri
2026-cı il oktyabrın 24-də Bakıda 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış mərasimi keçirilib. FIFA-nın məlumatına görə, turnirdə 189 üzv assosiasiyanın komandaları iştirak edir və yarış 30 oktyabrda başa çatır. Turnirin final oyununun və rəsmi bağlanış mərasiminin oktyabrın 30-da keçirilməsi nəzərdə tutulub. Bu, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq idman tədbiridir və onun təşkili dövlət səviyyəsində hazırlıq və koordinasiya tələb edir. Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək finalçılarının mükafatlandırılması mərasimində iştirakı planlaşdırılıb. Prezidentin tapşırığına əsasən, TDT Sammitində ölkənin xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək, digər Azərbaycan nümayəndələri də tədbirlərdə iştirak edəcəklər.
Beləliklə, Azərbaycanın TDT sammitində təmsil olunması davam edir. Prezident İlham Əliyevin iştirak etməməsi ölkənin təşkilatdakı fəaliyyətini dayandırması və ya zəiflətməsi demək deyil. Azərbaycanın beynəlxalq idman tədbirinə ev sahibliyi etməsi də ölkənin beynəlxalq əməkdaşlıqda fəal rolunun başqa bir nümunəsidir.
TDT-dən uzaqlaşma yox, suveren qərar
Azərbaycan TDT-nin qurucu dövlətlərindən biridir və təşkilatın inkişafına, fəaliyyətinin genişləndirilməsinə töhfə verən ölkələr sırasında yer alır. 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən TDT sammitində təşkilatın sədrlik funksiyası Qırğızıstandan Azərbaycana keçib. 2026-cı ildə Türkiyədə keçiriləcək növbəti sammitədək Azərbaycan təşkilata sədrlik edir.
Bu faktlar Azərbaycanın TDT çərçivəsindəki rolunun yalnız ayrı-ayrı sammitlərdə dövlət başçısının iştirakı ilə ölçülmədiyini göstərir. Təşkilatın gündəliyində iştirak, əməkdaşlıq layihələri, siyasi dialoq və üzv dövlətlərlə əlaqələrin inkişafı daha geniş prosesin tərkib hissəsidir. Azərbaycan bundan sonra da TDT-nin güclənməsində və türk dövlətləri arasında əlaqələrin genişlənməsində maraqlıdır.
Nəticə etibarilə, Azərbaycanın mövqeyinin əsasını müstəqil qərarvermə hüququ, milli maraqlar və bərabərhüquqlu tərəfdaşlıq təşkil edir. Türkiyə ilə münasibətlərdə yaranan ictimai gərginlik bu prinsiplərin əhəmiyyətini daha da ön plana çıxarır. Strateji müttəfiqlik tərəflərin hər bir məsələdə eyni mövqedə olmasını tələb etmir, lakin qarşılıqlı hörmət və suverenliyə münasibətdə ardıcıllıq tələb edir.
TDT sammitində iştirak məsələsi də bu çərçivədə qiymətləndirilməlidir. Azərbaycan təşkilatdan uzaqlaşmır, sammitdə öz nümayəndə heyəti ilə təmsil olunur və təşkilatın inkişafında iştirakını davam etdirir. Beynəlxalq tədbirlərdə iştirak dövlətin suveren qərarıdır və həmin qərar avtomatik olaraq müttəfiqlik münasibətlərindən imtina kimi şərh edilə bilməz.