Bakı. Trend:
Xalq artisti Zaur Rzayev vəfat edib.
Tanınmış müğənni bu gün müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.
Məlumatı Xalq artistinin oğlu Əməkdar artist Azər Rzayev Trend-ə təsdiqləyib.
Qeyd edək ki, Zaur Rzayev 1952-ci ildə Kürdəmir rayonunda anadan olub. O, təhsilinə Hacıqabulda başlayıb, daha sonra Bakı Kitabxanaçılıq Texnikumunda və Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyub. 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub.
Zaur Rzayev 1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2003-cü ildə Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. O, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının rəhbəri kimi fəaliyyət göstərib.