Bakı. Trend:
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün iştirakçıları beynəlxalq əməkdaşlığın, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, Burkina-Faso, Tunis, Oman və Seneqal nümayəndələri jurnalistlərə açıqlamalarında görüşün əhəmiyyətindən danışıb, Azərbaycanın təşkilatçılığını və qonaqpərvərliyini yüksək qiymətləndiriblər.
Burkina-Fasonun Dövlət Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə üzrə Ali Orqanının Baş Dövlət Nəzarətçisi Lassan Kompaore ölkəsinin hakimiyyəti və nümayəndə heyəti adından üçüncü nazirlər toplantısının keçirilməsini alqışlayıb.
“İlk toplantı Ciddədə, ikinci toplantı isə iki il əvvəl Dohada keçirilib. Bu təşəbbüs korrupsiyaya qarşı mübarizədə müxtəlif ölkələrin səylərini birləşdirməyə xidmət edir. Bu baxımdan Bakıda olmaqdan qürur duyuruq. Burada bizi çox gözəl qarşıladılar. Azərbaycanın qonaqpərvərliyini yüksək qiymətləndiririk”, – deyə L.Kompaore bildirib.
Tunisin İnzibati və Maliyyə Nəzarəti üzrə Ali Qurumunun sədri İmed Hazgui isə Bakı görüşünün İslam dövlətləri arasında korrupsiyaya qarşı mübarizə və aktivlərin geri qaytarılması sahəsində əməkdaşlığın inkişafı üçün mühüm imkan yaratdığını qeyd edib.
“Görüş zamanı Məkkə əl-Mükərrəmə Konvensiyasının qüvvəyə minməsinin sürətləndirilməsi, korrupsiyaya qarşı mübarizə və aktivlərin geri qaytarılması sahəsində əməkdaşlıq mexanizmlərinin inkişafı yollarını müzakirə etdik. Həmçinin dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini və mümkün istiqamətlərini nəzərdən keçirdik”, – deyə o bildirib.
İ.Hazgui tədbirin qabaqcıl təcrübələrin bölüşülməsi, yeni təhlükə və təhdidlərə qarşı səmərəli mübarizə üsullarının müzakirəsi baxımından da faydalı olduğunu vurğulayıb.
“Cinayətkar qruplar cəzalardan yayınmaq və aktivləri gizlətmək üçün yeni texnologiyalardan və süni intellektdən getdikcə daha çox istifadə edirlər. Bu isə dövlətlər qarşısında yeni təhlükələr yaradır”, – deyə o əlavə edib.
Oman nümayəndə heyətinin üzvü Zəhra Məhəmməd Rza Məhəmməd Səid əl-Ləvati görüşün Məkkə əl-Mükərrəmə Konvensiyasının icrasının irəlilədilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O, sərhədlərarası məlumat mübadiləsi, qarşılıqlı hüquqi yardım, aktivlərin yerinin müəyyənləşdirilməsi və geri qaytarılması, eləcə də hüquq-mühafizə orqanları arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edib.
“Prioritetimiz beynəlxalq öhdəlikləri praktik mexanizmlərə və ölçülə bilən nəticələrə çevirmək, qurumların imkanlarını gücləndirmək və dövlət vəsaitlərini qorumaqdır”, – deyə Oman nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, korrupsiyaya qarşı effektiv mübarizə sistemləri qabaqlayıcı tədbirləri, risklərə əsaslanan nəzarəti, erkən aşkarlamanı və qanunun tətbiqini özündə birləşdirməlidir.
Oman nümayəndəsi yüksək səviyyəli təşkilatçılığa və səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna təşəkkürünü də bildirib.
“Bakı zəngin mədəni irsin müasir inkişafla qovuşduğu gözəl və canlı şəhərdir. İnsanların səmimiyyəti bu səfəri xüsusilə yaddaqalan edib”, – deyə o əlavə edib.
Seneqalın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli İdarəsinin (OFNAC) sədri Mustafa Ka da Azərbaycanın qonaqpərvərliyindən və Bakının mədəni zənginliyindən məmnunluğunu ifadə edib. O, görüşdə beş nəfərdən ibarət nümayəndə heyəti ilə iştirak etdiklərini bildirib.
“İşgüzar müzakirələrlə yanaşı, turistik məkanlara və abidələrə də baş çəkdik. Bakı çox müasir şəhərdir və bununla yanaşı, tarixi abidələrini, tarixini və mədəniyyətini də qoruyub saxlayıb. Azərbaycan xalqının mədəni zənginliyi, xüsusilə də qonaqpərvərliyi bizdə çox xoş təəssürat yaratdı”, – deyə M.Ka qeyd edib.
OFNAC sədri Seneqalda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlardan danışaraq bildirib ki, 2024-cü ildə ölkədə baş verən demokratik hakimiyyət dəyişikliyindən sonra bu istiqamət prioritet elan olunub. Onun sözlərinə görə, beynəlxalq standartlara uyğun hüquqi bazanın və geniş səlahiyyətlərə malik güclü qurumların formalaşdırılması üçün tədbirlər görülür.
M.Ka rəhbərlik etdiyi qurumun araşdırmalar apardığını, müvafiq öhdəliyi olan dövlət qulluqçularının əmlak bəyannamələrini qəbul etdiyini və maarifləndirmə kampaniyaları həyata keçirdiyini bildirib.
“Bizə bildirilən korrupsiya faktları üzrə həmin əməlləri törədən şəxsləri müəyyənləşdirmək və onları səlahiyyətli məhkəmələr qarşısına çıxarmaq üçün araşdırma tədbirləri görürük. Həmçinin korrupsiya faktlarından xəbərdar olan hər bir şəxsin bu barədə OFNAC-a məlumat verməsinə imkan yaradan mexanizm yaratmışıq”, – deyə o əlavə edib.


