Bakı.Trend:
Azərbaycanda islam maliyyələşməsinin inkişaf modeli seçilərkən yerli bazarın xüsusiyyətləri, müştəri tələbatı və dövlətin bu istiqamətin təşviqindəki rolu nəzərə alınmalıdır.
Trend-in sualını cavablandıran "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin islam maliyyəsi üzrə qlobal rəhbəri Bəşər Əl-Natur (Bashar Al Natoor ing.) bunu islam maliyyələşməsi bazarlarına həsr olunmuş vebinarda çərşənbə günü deyib.
“Ölkə ənənəvi banklarda islam pəncərələrinin yaradılmasını və ya tam formatlı islam banklarının inkişafını nəzərdən keçirə bilər. Lakin bütün bazarlar üçün universal həll yolu yoxdur. Müxtəlif ölkələrdə fərqli modellər uğurla tətbiq olunur. Buna görə də, açığını desək, hamı üçün uyğun olan beynəlmilləl həll mövcud deyil”, - deyə Əl-Natur bildirib.
Onun sözlərinə görə, yanaşmanın seçimi bazarın fundamental xüsusiyyətləri, islam maliyyələşməsinin inkişaf məqsədləri və tələbatı formalaşdıran amillər də daxil olmaqla, bir çox amildən asılıdır.
O, nümunə olaraq Səudiyyə Ərəbistanını göstərib. Bu ölkədə ənənəvi banklar tam formatlı islam bankları ilə yanaşı, ixtisaslaşmış bölmələr — islam pəncərələri vasitəsilə də şəriət normalarına uyğun məhsullar təklif edirlər.
“Əgər Səudiyyə Ərəbistanında bank maliyyələşməsinə nəzər salsaq, onun təxminən 85 faizi şəriət normalarına uyğun maliyyələşmənin payına düşür. Digər nümunə Küveytdir. Burada islam maliyyələşməsi yalnız islam bankları tərəfindən təqdim olunur və bank sektorunun təxminən 50 faizini təşkil edir. Beləliklə, iki uğurlu nümunə görürük, lakin onların inkişafını şərtləndirən amillər və bazarların fundamental xüsusiyyətləri fərqlidir”, - deyə Əl-Natur qeyd edib.
O, həmçinin Malayziyanın təcrübəsinə diqqət çəkib. Bu ölkədə dövlət on ildən artıq müddətdə islam maliyyəsinin inkişafını fəal şəkildə təşviq edib və onun bazar payının artırılması üzrə hədəflər müəyyənləşdirib.
"Fitch" nümayəndəsinin sözlərinə görə, uyğun model müəyyən edilərkən sahənin inkişafına məhz nəyin təkan verdiyini anlamaq vacibdir: dövlət siyasəti və “yuxarıdan aşağıya” təşəbbüslər, yoxsa müştərilərin və biznesin real tələbatı, yəni “aşağıdan yuxarıya” yanaşma.
“Söhbət iqtisadi məqsədəuyğunluğun yuxarıdan və ya aşağıdan gələn təkanlarla uzlaşdırılmasından gedir. Bir qayda olaraq, hər iki amil mövcud olur”, - deyə o vurğulayıb.
Əl-Natur hesab edir ki, model seçilərkən hər bir ölkənin bazar şərtləri, eləcə də hakimiyyət orqanlarının islam maliyyələşməsinin inkişafı vasitəsilə nail olmaq istədikləri məqsədlər ayrıca araşdırılmalıdır.
“Bu məsələyə hər bir ölkə üzrə fərdi yanaşmaq lazımdır. Bir modelin düzgün, digərinin isə yanlış olduğunu əvvəlcədən qəbul etmək olmaz”, - deyə o bildirib.