Bakı.Trend:
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və BMT-nin Terrorla Mübarizə İdarəsi (UNOCT) terrorçuluğa qarşı mübarizə sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bu barədə UNOCT-nin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Müzakirələr BMT baş katibinin müavini və Terrorla Mübarizə İdarəsinin rəhbəri vəzifəsini icra edən Aleksandr Zuyev ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev arasında Bakıda keçirilən görüş zamanı aparılıb.
Görüşdə bu yaxınlarda keçirilmiş Bakı Təhlükəsizlik Forumunun nəticələri əsasında gələcək fəaliyyət və Azərbaycanla BMT-nin Terrorla Mübarizə İdarəsi arasında əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Qeyd edək ki, oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Zuyevi qəbul edib. Söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif strukturları arasında səmərəli tərəfdaşlığın qurulduğu vurğulanıb, bu kontekstdə ölkəmizin BMT-nin Terrorla Mübarizə İdarəsi ilə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
UNOCT 2017-ci ilin iyununda BMT Baş Assambleyası tərəfindən təşkilatın terrorçuluğa qarşı mübarizə üzrə qlobal səylərinə rəhbərlik etmək və onları əlaqələndirmək məqsədilə yaradılıb. İdarəyə BMT baş katibinin müavini rəhbərlik edir. UNOCT bu sahədə BMT strukturlarının fəaliyyətini əlaqələndirir, üzv dövlətlərin terrorçuluğun qarşısının alınması və onunla mübarizə sahəsində potensialının gücləndirilməsinə, resursların səfərbər olunmasına və BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasının dörd əsas istiqamətinin balanslaşdırılmış şəkildə həyata keçirilməsinə dəstək verir.