Bakı.Trend:
Şəbəkə Məcəlləsi Azərbaycanın bərpa olunan enerji sektoruna investisiyaların cəlb edilməsi üçün şəffaflığı artıracaq.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu "Masdar" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti elektrik şəbəkəsi infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yönəldib.
“Energetika Nazirliyi "Azərişıq"la birgə şəbəkələrin inkişafı planını hazırlayıb və bu işə beynəlxalq ekspertlər cəlb olunub. Gələcək elektrik enerjisi tələbatı nəzərə alınmaqla, bərpa olunan enerji mənbələrinin şəbəkəyə qoşulması imkanları araşdırılıb. Nəticədə, istehlakın proqnoz göstəriciləri və yeni generasiya güclərinin qoşulması üzrə hədəf parametrlər müəyyən edilib. Bundan əlavə, ABŞ, Türkiyə və Azərbaycandan olan beynəlxalq ekspertlərin iştirakı ilə "Azərişıq"ın nəzdində işçi qrupu yaradılıb”, - deyə o bildirib.
M.Sadıxov qeyd edib ki, ölkə tarixində ilk dəfə elektrik şəbəkəsinin statik və dinamik modelləri hazırlanıb. Bu modellər şəbəkədəki problemli sahələri rəqəmsal formatda müəyyən etməyə və onların aradan qaldırılması yollarını təyin etməyə imkan verir.
Onun sözlərinə görə, araşdırmaların nəticələri yeni elektrik stansiyalarının şəbəkəyə qoşulması üçün şərait yaradır. Bununla yanaşı, bərpa olunan enerji sektorunda fəaliyyət göstərən investorlar, o cümlədən kiçik və orta müəssisələr üçün şəffaf və aydın qaydaların formalaşdırılması vacibdir.
Qeyd edək ki, Bakıda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoq keçirilir. Tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilir.Tədbirin mövzusu “Azərbaycanda milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsinin sürətləndirilməsi: dayanıqlı inkişaf naminə enerji sektorunun karbonsuzlaşdırılmasına dəstək”dir.Dialoq çərçivəsində Azərbaycanın milli iqlim öhdəliklərinin yerinə yetirilməsi, enerji sektorunun ekoloji transformasiyası, bərpa olunan enerji mənbələrinin inkişafı və bu sahədə investisiya imkanları müzakirə olunur.