Bakı. Trend:
"Apple" şirkəti M6 prosessoru ilə təchiz olunmuş yeni "MacBook Pro" noutbuk modelini təqdim edib. Qurğu bir dəfə enerji yüklənməsi ilə 24 saata qədər işləyə bilir.
Bu barədə şirkətin press-relizində bildirilib.
“"Apple"şirkəti tələbələr, biznes istifadəçiləri, kontent yaradıcıları və digər istifadəçilər üçün daha yüksək məhsuldarlıq, cihazın özündə süni intellektin geniş imkanları və daha sürətli bağlantı təmin edən M6 prosessorlu yeni 14 düymlük "MacBook Pro" modelini təqdim edib”, – deyə şirkətin rəsmi saytında qeyd olunub.
"Apple"ın məlumatına görə, M6 prosessoru əvvəlki modellə müqayisədə "MacBook Pro"da süni intellektlə bağlı tapşırıqların 25 faiz daha sürətli yerinə yetirilməsinə, eləcə də qrafik alətlərdən daha səmərəli istifadəyə imkan verir.
Bundan əlavə, yeni prosessor sayəsində noutbukun batareyasını cəmi 30 dəqiqə ərzində 50 faizədək doldurmaq mümkün olacaq.
Yeni noutbukun rəsmi satışlarına noyabrın 6-da başlanacaq. Modelin ilkin qiyməti 1 999 dollar təşkil edir.


