Bakı. Trend:
Azərbaycanda dövlət qurumlarının rəhbər vəzifələrində çalışan şəxslərin rəqəmsal savadlılığının artırılması istiqamətində işlər aparılır.
Trend-in sessiyada iştirak edən müxbirinin məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova çərşənbə axşamı Bakıda keçirilən “Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, dövlət qurumlarında rəqəmsal transformasiyanın səmərəli həyata keçirilməsi üçün yalnız texniki imkanların yaradılması deyil, həm də qərarvermə prosesində iştirak edən rəhbər şəxslərin müvafiq bilik və bacarıqlara yiyələnməsi vacibdir.
V.Qurbanova bildirib ki, bu istiqamətdə mərkəzi icra hakimiyyəti orqanlarında çalışan şöbə və sektor müdirlərindən, departament rəhbərlərindən tutmuş nazir müavinlərinə qədər müxtəlif vəzifəli şəxslərin rəqəmsal savadlılığının artırılması üzrə işlər görülür.
“Bizi idarə edən şəxslərin də rəqəmsal savadlılığı olmalıdır ki, onlar öz qurumlarında rəqəmsal transformasiyanı daha rahat həyata keçirə bilsinlər. Əks halda, bu prosesin idarə olunması onlar üçün çətin olacaq”, – deyə o qeyd edib.
Departament rəhbərinin sözlərinə görə, rəhbər şəxslər süni intellektdən istifadə, informasiya təhlükəsizliyi, fərdi məlumatların qorunması və müasir texnologiyaların tətbiqi ilə bağlı kifayət qədər məlumatlı olmalıdırlar. Əks halda, onlar əməkdaşlarla bu məsələlər ətrafında səmərəli ünsiyyət qurmaqda və rəqəmsal dəyişiklikləri idarə etməkdə çətinlik çəkə bilərlər.
O vurğulayıb ki, rəqəmsal transformasiyaya rəhbərlik edən şəxslərin müasir texnologiyalar, süni intellekt alətləri və dünyada baş verən texnoloji tendensiyalar barədə ən azı baza biliklərinə malik olması düzgün qərarların qəbul edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Strateji qərarlar qəbul edən şəxslər texnologiyaların necə işlədiyini, süni intellekt alətlərindən hansı hallarda istifadə oluna biləcəyini, informasiya təhlükəsizliyinin və fərdi məlumatların qorunmasının necə təmin edilməli olduğunu bilməlidirlər. Onların bu sahədə minimum bilikləri olmalıdır ki, düzgün qərarlar qəbul edə və rəqəmsal transformasiyanı səmərəli idarə edə bilsinlər”, – deyə V.Qurbanova bildirib.
O əlavə edib ki, rəqəmsal bacarıqların inkişafı çərçivəsində dövlət qurumlarında çalışan rəhbər kadrlar xüsusi auditoriya kimi nəzərdən keçirilir və onların rəqəmsal savadlılığının artırılmasına xüsusi diqqət yetirilir.
V.Qurbanovanın sözlərinə görə, rəhbər şəxslərin rəqəmsal biliklərinin artırılması dövlət qurumlarında yeni texnologiyaların tətbiqini asanlaşdırmaqla yanaşı, rəqəmsal transformasiya prosesinin daha səmərəli təşkilinə və idarəetmədə düzgün qərarların qəbuluna şərait yaradır.