Bakı. Trend:
2026-cı il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 63 milyard 621,7 milyon manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən hesablamasına görə, bu, 2025-ci il oktyabrın 1-i ilə müqayisədə 13,3% çoxdur.
Hesabat tarixinə ölkədə 21 bank fəaliyyət göstərib. Bankların 507 filialı, 80 şöbəsi və 3 500 bankomatı olub. Bank sektorunda çalışanların sayı isə 27 775 nəfər təşkil edib.
Oktyabrın 1-nə bankların cəmi öhdəlikləri 55 milyard 783 milyon manat, balans kapitalı isə 7 milyard 838,7 milyon manat olub. Sentyabr ayında bankların aktivləri 1,8%, öhdəlikləri 1,9%, balans kapitalı isə 1,1% artıb.
Hesabat ayında bankların kredit portfeli 2,6% və ya 860,5 milyon manat artaraq 33 milyard 684,7 milyon manata çatıb. İlin əvvəlindən kredit portfelində artım 12% və ya 3 milyard 621,7 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici 6,5% olub.
Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 54,7% (18 milyard 440 milyon manat), istehlak kreditlərinin payı 30,9% (10 milyard 407,9 milyon manat), ipoteka kreditlərinin payı isə 14,4% (4 milyard 836,8 milyon manat) təşkil edib.
Bankların öhdəliklərinin strukturunda depozitlər üstünlük təşkil edib. Belə ki, depozit portfeli 42 milyard 257,7 milyon manat olmaqla, cəmi öhdəliklərin 76%-nə bərabər olub.
Depozit portfelinin 56,4%-i və ya 23 milyard 821,4 milyon manatı hüquqi şəxslərin, 43,6%-i və ya 18 milyard 436,3 milyon manatı isə fiziki şəxslərin depozitlərinin payına düşüb. Bu hesablamaya fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil edilməyib.
Fiziki şəxslərin əmanətlərinin 71,4%-i və ya 13 milyard 162,5 milyon manatı milli valyutada, 28,6%-i və ya 5 milyard 273,8 milyon manatı isə xarici valyutada yerləşdirilib. Əmanət portfelinin 63,6%-ni və ya 11 milyard 731,6 milyon manatını müddətli əmanətlər təşkil edib.
Sentyabr ayında fiziki şəxslərin müddətli əmanətləri 1,8% və ya 211 milyon manat artaraq 11 milyard 731,6 milyon manata çatıb. Həmin ay bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayı 2,6% və ya 5 801 nəfər artıb. İlin əvvəlindən isə bu göstərici 19,4% və ya 37 723 nəfər yüksələrək 231,9 min nəfərə çatıb.
Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 97,6 milyon manat təşkil edib. Bu məbləğ hüquqi şəxslərin ümumi depozit portfelinin 76%-nə bərabər olub.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın bankları 1 milyard 81,8 milyon manat xalis mənfəət, 1 milyard 697,2 milyon manat isə əməliyyat mənfəəti əldə ediblər.
Hesabat dövründə banklar tərəfindən dövlət büdcəsinə ümumilikdə 270,8 milyon manat mənfəət vergisi ödənilib.