Bakı. Trend:
ABŞ İrana bu həftəsonu zərbə endirə bilər. Trend xəbər verir ki, bunu cümə günü ABŞ-nin xüsusi elçisi Tom Barrak Vaşinqton və İsrailin son günlər bu istiqamətdə təhdidlərini artırmasından sonra bildirib.
“Bu həftəsonu zərbə endirilə bilərmi? Tamamilə mümkündür”, – deyə hazırda ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi elçisi olan, Yaxın Şərqdə nüfuzlu amerikalı rəsmi Mario Naufal adlı sosial media fenomeninə müsahibəsində bildirib.
Bununla belə, T. Barrak əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp “razılaşma əldə etməyə açıqdır, buna hazırdır və əlçatandır. Biz artıq neçə aydır ki, danışıqlar masası arxasındayıq”.
İsrail və ABŞ-nin İrana endirdiyi zərbələrlə başlayan münaqişənin başlanmasından təxminən səkkiz ay keçməsinə baxmayaraq, Vaşinqtonla Tehran arasında danışıqlar dalana dirənib.
Donald Tramp son vaxtlar İranla bağlı tezliklə “qərar” verəcəyini bir neçə dəfə bildirib. O, “yumşaq yola” və ya “sərt yola” əl ata biləcəyini vurğulayıb. Bununla belə, o, indiyədək belə bir addımın noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən əvvəl atılmayacağına işarə etmişdi.
İsrailin Baş naziri Benyamin Netanyahu isə çərşənbə günü bildirib ki, Tehranın yaratdığı təhlükəni aradan qaldırmağın yeganə yolu İran hakimiyyətini “devirməkdir”. Qeyd edək ki, Donald Tramp çərşənbə axşamı İsraildə keçiriləcək parlament seçkiləri ərəfəsində Netanyahuya açıq dəstək ifadə edib.