Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ilin sonunadək 3,5 milyard avro (4,1 milyard ABŞ dolları) maliyyə çatışmazlığı ilə üzləşdiyini bildirib.
O, bu barədə Norveçin paytaxtı Osloda jurnalistlərə açıqlamasında deyib. Zelenskinin sözlərinə görə, Ukraynanın maliyyə ehtiyacları Norveç nümayəndələri ilə görüşdə müzakirə olunub. Zelenski beynəlxalq tərəfdaşların Kiyevə dəstək göstərəcəyinə ümid etdiyini bildirib.
İtaliyanın “La Repubblica” qəzetinin oktyabrın 19-da yaydığı məlumata görə, Ukraynanın 2027-ci il üçün əlavə 70 milyard avro maliyyə vəsaitinə ehtiyacı olması ilə bağlı məsələ Avropada müzakirələrə səbəb olub. Qəzet qeyd edib ki, Avropa İttifaqı ölkələri bundan əvvəl Ukraynaya 2026-2027-ci illər ərzində təqdim edilmək üçün 90 milyard avro kredit ayırmaq barədə razılığa gəliblər.