Bakı. Trend:
ABŞ son günlər Yaxın Şərq regionundakı hərbi bazalarında hərbçilərinin sayını azaldır.
Bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, hərbçilərin çıxarılması İordaniya, Qətər və Küveytdəki bazaları əhatə edib. Telekanalın məlumatına görə, oktyabrın 21-də Yaxın Şərqdəki ABŞ diplomatik nümayəndəliklərinin rəhbərlərinə də diplomatik missiyaların əməkdaşlarının sayının azaldılması şəraitində fəaliyyət göstərməli olacaqları barədə məlumat verilib.
NBC News-un mənbələri qeyd ediblər ki, amerikalı hərbçilərin və diplomatik nümayəndəliklərin əməkdaşlarının sayının azaldılması ABŞ-ın fevral ayında İrana qarşı hərbi əməliyyatına başlamazdan əvvəl həyata keçirilən personalın çıxarılması prosesinə bənzəyir.
“Optimallaşdırma məqsədilə ABŞ hərbçilərini və resurslarını mütəmadi olaraq yenidən yerləşdiririk. Bu yerdəyişmələri şərh etmirik”, – deyə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsi Timoti Hokins telekanala bildirib.