Bakı.Trend:
2026-cı ilin sentyabr ayında Türkiyə ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 16,078 milyon barel neft nəql olunub.
Müqayisə üçün, 2025-ci ilin sentyabrında bu göstərici 16,737 milyon barel təşkil edib.
Trend-in Türkiyənin BOTAŞ şirkətinin məlumatları əsasında apardığı hesablamalara görə, nəql həcmi 3,9% azalıb.
2026-cı ilin avqust ayı ilə müqayisədə (15,112 milyon barel) isə nəql həcmi 6,4% artıb. İlin əvvəlindən ən aşağı nəql səviyyəsi fevral ayında – 14,817 milyon barel, ən yüksək göstərici isə aprel ayında – 16,658 milyon barel qeydə alınıb.
2026-cı ilin yanvar-sentyabr aylarında BTC ilə Türkiyə ərazisindən 143,971 milyon barel neft nəql olunub.
Xatırladaq ki, 2025-ci ildə BTC ilə Türkiyə ərazisindən 206,434 milyon barel neft nəql edilib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 224,142 milyon barel təşkil edib. Beləliklə, nəql həcmi 7,9% azalıb.
Qeyd edək ki, BTC Co.-nun səhmdarları aşağıdakılardır: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), "Eni" (5,00%), "TotalEnergies" (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), "ExxonMobil" (2,50%) və INPEX (2,50%).
İyulun 1-də “Bakı-Tbilisi-Ceyhan” (BTC Co.) şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft kəmərinin operator funksiyalarının "BP Exploration (Caspian Sea) Limited" (bp) şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations" (SMO) MMC-yə keçdiyini açıqlayıb.
Operator funksiyalarının ötürülməsi BTC neft kəmərinin hər üç hissəsini – Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində yerləşən sahələri əhatə edir. Bundan əlavə, BTC kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi funksiyaları, eləcə də bp şirkətinin indiyədək BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə bağlı həyata keçirdiyi ümumi əməliyyatlar üzrə operator vəzifələri də SMO-ya keçib.
Operator funksiyalarının ötürülməsi BTC layihəsi üzrə əsas razılaşmalar paketinin tərkib hissəsi olan və yekun investisiya qərarı çərçivəsində qəbul edilmiş müvafiq sazişlər əsasında həyata keçirilib. Bu proses üç ölkədə BTC-nin bütün ayrı-ayrı obyekt və fəaliyyət növlərinə, Səngəçal terminalının ərazisində yerləşən obyektlər, eləcə də BTC/CQBK üzrə ümumi əməliyyatlar istisna olmaqla, şamil olunur.
Bununla yanaşı, Səngəçal terminalının operatoru dəyişməyib – bp bu funksiyaları həyata keçirməyə davam edir. BTC Co.-nun səhmdarlarının strukturu da dəyişməz olaraq qalır.