Bakı.Trend:
Azərbaycan bərpaolunan enerji sektorunun inkişafında əhəmiyyətli irəliləyiş əldə edib.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının maliyyələşdirdiyi və "VM Europe" konsorsiumu tərəfindən hazırlanan “EU Business Climate Report Azerbaijan 2025/26” hesabatının səkkizinci buraxılışında qeyd olunub.
“Sorğuda iştirak edən Avropa şirkətlərinin sözlərinə görə, Azərbaycan bərpaolunan enerji sektorunun inkişafında əhəmiyyətli irəliləyiş əldə edib və irimiqyaslı layihələrin həyata keçirilməsi üçün beynəlxalq layihə hazırlayıcılarını fəal şəkildə cəlb edir. Bu sektor mühəndislik, infrastruktur, logistika və konsaltinq sahələrində yeni imkanlar yaradan, uzunmüddətli inkişaf potensialına malik istiqamət kimi qiymətləndirilir”, - deyə hesabatda qeyd olunub.
Bununla yanaşı, materialda bildirilir ki, hazırda bərpaolunan enerji sektorunda yalnız az sayda Avropa şirkəti fəaliyyət göstərir.
""Yaşıl enerji" layihələrinin portfeli genişlənsə də, Avropa şirkətləri bu layihələrdə əsasən ikinci və ya üçüncü səviyyəli subpodratçılar kimi iştirak edirlər. Cari layihələrin icrasına artıq başlanıldığı üçün qarşıdakı iki-üç il ərzində hazırlıq mərhələsində olan yeni irimiqyaslı layihələrin sayının azalacağı gözlənilir. Biznes nümayəndələri Azərbaycana əsas diqqəti iri sənaye miqyaslı layihələrə yönəltmək əvəzinə, aşağıdan yuxarıya prinsipi əsasında inkişaf etdirilən kiçikmiqyaslı yerli təşəbbüslərə daha çox diqqət ayırmağı tövsiyə edirlər”, - deyə hesabatda vurğulanıb.
Hesabatda qeyd olunur ki, Azərbaycan karbohidrogenlərdən asılılığı azaltmağa, iqlim dəyişikliklərinə davamlılığı artırmağa və iqtisadiyyatı şaxələndirməyə çalışır.
“Bərpaolunan enerji ölkədə yaşıl biznesin inkişafının ən mühüm istiqamətlərindən biridir. Azərbaycan 1990-cı illə müqayisədə 2035-ci ilədək istixana qazı emissiyalarını 40 faiz azaltmağı öhdəsinə götürüb və 2030-cu ilədək generasiya obyektlərinin quraşdırılmış gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı hədəfləyir.
Azərbaycanda quruda bərpaolunan enerji mənbələrinin texniki potensialı 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir. Bərpaolunan enerjinin iqtisadi potensialı təxminən 27 QVt təşkil edir. Bu potensialın əsas hissəsi günəş enerjisinin, daha sonra isə külək enerjisinin payına düşür”, - deyə hesabatda bildirilir.
Qeyd olunur ki, Azərbaycan 2032-ci ilədək 8 QVt gücündə bərpaolunan enerji istehsalı güclərinin yaradılması planlarını fəal şəkildə həyata keçirir. Bununla yanaşı, 2 QVt gücün milli enerji sisteminə inteqrasiyasının 2027-ci ildə başa çatdırılması planlaşdırılır.
“Azərbaycan bp, "Masdar", "ACWA Power", "China Gezhouba Group Overseas Investment" və "SOCAR Green" ilə tərəfdaşlıq çərçivəsində irimiqyaslı layihələr həyata keçirir.
Batareyalar əsasında elektrik enerjisinin saxlanması sistemlərinə və şəbəkə infrastrukturunun modernləşdirilməsinə, o cümlədən AZURE layihəsinə, Nəvai qovşağına və yeni 500 kV-luq elektrik xətlərinə yatırılan investisiyalar enerji sisteminin çevikliyini artırmağa və bərpaolunan enerji mənbələrinin inteqrasiyası ilə bağlı xərcləri azaltmağa yönəlib.
Bundan əlavə, Azərbaycan bərpaolunan enerji sahəsində təchizat zəncirlərinin lokallaşdırılması üçün strateji addımlar atır. Xüsusilə, günəş panellərinin istehsalı layihəsi həyata keçirilir, Ələt Azad İqtisadi Zonasında isə külək turbinləri üçün pərlərin və qüllələrin, eləcə də enerji saxlama sistemləri üçün avadanlıqların yerli istehsalının təşkili planları hazırlanır”, - deyə hesabatda qeyd olunub.
Qeyd edək ki, hesabat Avropa şirkətlərinin yerli bazarda fəaliyyət təcrübəsi əsasında Azərbaycanın iqtisadi və biznes mühitinin yenilənmiş qiymətləndirilməsini təqdim edir. Sənəd Avropa müəssisələri arasında keçirilən sorğuların və dərinləşdirilmiş müsahibələrin nəticələrinə əsaslanır.
Hesabatda investisiya mühitinə təsir edən əsas amillər, sektoral imkanlar, biznes üçün məhdudiyyətlər, əmək bazarının dinamikası, dayanıqlı inkişaf, rəqəmsallaşma, eləcə də Azərbaycanın iqtisadi inkişaf trayektoriyasını müəyyən edən daha geniş islahat gündəliyi təhlil olunur.