Bakı.Trend:
Sorğuda iştirak edən Avropa şirkətlərinin 57 faizi Azərbaycandakı mövcud iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirib.Sorğu Avropa İttifaqının maliyyələşdirdiyi və "VM Europe" konsorsiumu tərəfindən hazırlanan “EU Business Climate Report Azerbaijan 2025/26” hesabatının səkkizinci buraxılışının hazırlanması çərçivəsində keçirilib.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Aİ-Azərbaycan Biznes Forumunun 2024-2026-cı illər üzrə rəhbəri Aytən Axundova çərşənbə günü Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumu 2026-da bildirib.
Onun sözlərinə görə, ölkədəki biznes mühitinin ümumi qiymətləndirilməsi də qənaətbəxş olub, lakin nəticələr ötən ilin göstəricilərindən bir qədər aşağıdır.
A.Axundova bunu əsasən regiondakı geosiyasi vəziyyətlə əlaqələndirib.
“Siyasi və sosial sabitlik müsbət amillərdən biri kimi qiymətləndirilməyə davam edir. Digər üstünlüklər sırasında enerji resurslarının etibarlılığı və qiyməti, eləcə də logistika, nəqliyyat və nəqliyyat əlaqələrinin səmərəliliyi qeyd olunub.
Eyni zamanda, şirkətlər həllini tələb edən bir sıra məsələləri diqqətə çatdırıblar. Bunlara Azərbaycanda peşə təhsilinin və kadr hazırlığının keyfiyyəti, maliyyələşməyə çıxış, biznes etikası və ödəniş intizamı, yeni texnologiyalara çıxış, eləcə də tədqiqat və tərtibatlar daxildir.
Sorğuda iştirak edən Avropa şirkətlərinin 52 faizi qarşıdakı bir neçə ildə Azərbaycandakı fəaliyyətini genişləndirməyi, 25 faizi isə mövcud fəaliyyət səviyyəsini qoruyub saxlamağı planlaşdırır”, - deyə o bildirib.
A.Axundovanın sözlərinə görə, bu göstəricilər də ötən illə müqayisədə bir qədər aşağıdır və bu, geosiyasi vəziyyətlə bağlı ola bilər.
O, şirkətlər üçün ən cəlbedici üç amil sırasında kommersiya tərəfdaşlarına və müştərilərə çıxışı, strateji tərəfdaşlıq və alyansları, eləcə də daxili bazara çıxış imkanlarını qeyd edib.
“İstifadə olunmamış investisiya imkanları sırasında aşağı istehsal xərcləri, fiziki infrastruktura, həmçinin təbii resurslara və xammala çıxış imkanları göstərilib.
Son illərdə şirkətlərin fəaliyyətinə təsir edən əsas amillərə bazarın məhdud həcmi, Ukraynadakı müharibə və digər qlobal münaqişələr, eləcə də bürokratiya daxildir”, - deyə o bildirib.
Hesabat Avropa şirkətlərinin yerli bazarda fəaliyyət təcrübəsi əsasında Azərbaycanın iqtisadi və biznes mühitinin yenilənmiş qiymətləndirilməsini təqdim edir. Sənəd Avropa müəssisələri arasında keçirilən sorğuların və dərinləşdirilmiş müsahibələrin nəticələrinə əsaslanır. Hesabatda investisiya mühitinə təsir edən əsas amillər, sahəvi imkanlar, biznes üçün məhdudiyyətlər, əmək bazarının dinamikası, dayanıqlı inkişaf, rəqəmsallaşma, eləcə də Azərbaycanın iqtisadi inkişaf istiqamətini müəyyən edən daha geniş islahat gündəliyi əhatə olunur.
Qeyd edək ki, hazırda Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə və Biznes Forumunun keçirilməsinin 10 illiyinə həsr olunmuş Aİ-Azərbaycan Biznes Forumu keçirilir.
Bu il tədbir “Dəhlizləri birləşdirərək: bağlantılar və infrastruktur” mövzusuna həsr olunub. Əsas diqqət nəqliyyat əlaqələrinin və infrastrukturun inkişafına, Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, eləcə də regional ticarət və investisiyaların genişləndirilməsinə yönəldilib. Proqram çərçivəsində yüksək səviyyəli müzakirələr, tematik sessiyalar və dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə işgüzar görüşlər keçirilir.