ASAN İnnovativ İnkişaf Mərkəzi fəaliyyət göstərdiyi beş il ərzində 35 mindən çox vətəndaş üçün 150-dən çox mövzuda 850-dən çox təlim, vorkşop və seminar keçirib.
Trend-in müxbiri xəbər verir ki, bunu ASAN İnnovativ İnkişaf Mərkəzinin direktoru Aysel Cəbrayılova çərşənbə günü Mərkəzin fəaliyyətinin 5 illiyinə həsr olunmuş hesabat tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Mərkəzin əsas fəaliyyət istiqaməti “ASAN xidmət”in zəngin təcrübəsi əsasında hazırlanmış yumşaq bacarıqlar üzrə təlimlərdir.
“Bu təlimlərə vətəndaş məmnuniyyətində ASAN modeli, duyğuların idarə olunması, zamanın idarə olunması, ünsiyyət bacarıqları və digər mövzular daxildir”, – deyə A.Cəbrayılova qeyd edib.
Mərkəzin direktoru fəaliyyətləri dövründə blokçeyn və süni intellekt savadlılığı üzrə xüsusi proqramlara da başladıqlarını diqqətə çatdırıb.
“Süni intellekt savadlılığı proqramı 7 mindən çox vətəndaşı əhatə edib və 98 faiz vətəndaş məmnuniyyəti göstəricisi ilə davam edir. Blokçeyn istiqamətində isə iki ildir təlimlər keçirilir. Mindən çox işgüzar şəxs bu təlimlərdən faydalanıb”, – deyə o əlavə edib.