Bakı. Trend:
Azərbaycan qanunvericiliyində və dilində "korrupsiya" termini işlədildiyi kimi, "komplayens" termininin də istifadəsi mümkündür.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.
Gündüz Kərimov qeyd edib ki, komplayens siyasəti şirkətlərin əqli mülkiyyətinin, brendinin, reputasiyasının və məxfi məlumatlarının qorunmasını, eləcə də korrupsiyaya qarşı mübarizəni və etik davranış prinsiplərinə əməl olunmasını əhatə edir.
Onun sözlərinə görə, şirkətin əqli mülkiyyət hüquqlarının qorunması komplayens siyasətinin mühüm tərkib hissəsidir. Buraya şirkətin brendinin və reputasiyasının qorunması, adından düzgün istifadə edilməsi, əmtəə nişanlarının təqlidinin qarşısının alınması daxildir.
G.Kərimov bildirib ki, məxfi və insayder məlumatların qorunması, başqalarına məxsus məlumatların qanunsuz əldə edilməsinin və yayılmasının qarşısının alınması da komplayens mədəniyyətinin əsas istiqamətlərindəndir.
O qeyd edib ki, komplayens şirkətin nüfuzunun formalaşmasına və onun bazar dəyərinin artmasına birbaşa təsir göstərir.
“Komplayens bir şərəfdir. Şirkətin tanınması və reputasiyası məhz komplayens siyasətinə ciddi riayət olunması ilə formalaşa bilər”, - deyə o bildirib.
Şöbə müdiri izah edib ki, mühasibatlıqda istifadə olunan "goodwill" anlayışı şirkətin nüfuzu və digər qeyri-maddi amilləri ilə əlaqəli dəyəri ifadə edir. Komplayens prinsiplərinə əməl olunması isə bu dəyərin artırılmasına xidmət edir.
Onun sözlərinə görə, şirkətlərin fəaliyyətində mükəmməllik və yetkinlik prinsiplərinin tətbiqi, rüşvətxorluqdan imtina və qanun pozuntularına qarşı sıfır dözümlülük siyasəti komplayens mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət daşıyır.
“Şirkət bəyan etməlidir ki, qanunların pozulmasına və qaydalara əməl edilməməsinə qarşı sıfır dözümlülük nümayiş etdirir”, - deyə G.Kərimov vurğulayıb.
O əlavə edib ki, komplayens hüquqi, iqtisadi və sosial məsuliyyətlə sıx bağlıdır. Bu prinsiplərin effektiv tətbiqi üçün qayda pozuntularına görə məsuliyyət mexanizmləri və müvafiq sanksiyalar mövcud olmalıdır.
G.Kərimov komplayens anlayışının Azərbaycan dilində işlədilməsi məsələsinə də toxunub. O bildirib ki, bu anlayışın mahiyyətini “riayət etmə” və “uyğunluq” kimi ifadələrlə açıqlamaq mümkün olsa da, terminin özünü ayrıca Azərbaycan dilindəki qarşılıqla əvəz etmək zəruri deyil.
“Azərbaycan qanunvericiliyində və dilində "korrupsiya" termini işlədildiyi kimi, "komplayens" termininin də istifadəsi mümkündür. Onun mahiyyətini "riayət etmə" və ya "uyğunluq" sözləri ilə izah etmək olar, lakin komplayens özlüyündə ayrıca bir anlayışdır”, - deyə o bildirib.
Şöbə müdiri vurğulayıb ki, komplayens yalnız qanunvericiliyin tələblərinə əməl olunması ilə məhdudlaşmır, həm də cəmiyyətin qəbul etdiyi dəyərlərə uyğun davranışı nəzərdə tutur. Bu baxımdan, cəmiyyətə zidd hərəkətlərin qarşısının alınması və sosial məsuliyyət prinsiplərinin qorunması da komplayens mədəniyyətinin tərkib hissəsidir.
O qeyd edib ki, şirkətlərin komplayens siyasəti həm hüquqi öhdəlikləri, həm də cəmiyyətin dəyərlərinə hörmət əsasında formalaşmalı, bu prinsiplər gündəlik fəaliyyət zamanı ardıcıl şəkildə tətbiq edilməlidir.