Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda korporativ idarəetmə ilə bağlı mövcud tövsiyələrin bir hissəsini normativ tələblərə daxil etməyə hazırlaşır. Bununla bağlı layihənin yaxın vaxtlarda bank sektoru ilə müzakirəyə çıxarılması nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini, İdarə Heyətinin üzvü Toğrul Əliyev çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.
Onun sözlərinə görə, informasiya və kibertəhlükəsizlik riskləri artıq bütün maliyyə sektoru üçün mühüm risk istiqamətlərindən birinə çevrilib. Bu risklərin effektiv idarə olunması maliyyə sektorunun dayanıqlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
T. Əliyev qeyd edib ki, Mərkəzi Bank korporativ idarəetmə standartlarını mütəmadi olaraq yeniləyir. Bu istiqamətdə 2024-cü ildə bank sektorunda korporativ idarəetmənin təkmilləşdirilməsinə dair tövsiyə sənədi də qəbul edilib.
“Bu tövsiyələr bank sektoruna korporativ idarəetmə sahəsində yeniliklərə və qabaqcıl təcrübələrə uyğunlaşmaq, daha mütərəqqi tənzimləmələrə hazırlaşmaq üçün istiqamət verir. Eyni zamanda, Mərkəzi Bankın korporativ idarəetmə ilə bağlı tələblərinin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini göstərir”, - deyə o bildirib.
AMB sədrinin müavini vurğulayıb ki, hazırda həmin tövsiyələrdən bank sektorunda korporativ idarəetmənin növbəti mərhələyə yüksəldilməsinə kömək edə biləcək müddəaların normativ çərçivəyə daxil edilməsi üzərində iş aparılır.
“Artıq bu məsələ ilə bağlı daxili müzakirələr keçirilir. Yaxın vaxtlarda müvafiq layihəni bank sektoru ilə paylaşmağı nəzərdə tuturuq. Bank sektorunun mütəxəssislərinin rəyləri bizim üçün olduqca önəmlidir”, - deyə T.Əliyev qeyd edib.
O bildirib ki, dayanıqlı korporativ idarəetməni yalnız normativ tələblərlə təmin etmək mümkün deyil. Bu prosesdə təşkilat rəhbərlərinin dəstəyi, risklərin idarə edilməsi və komplayens funksiyalarının peşəkarlığı, eləcə də əməkdaşların bilik və bacarıqları mühüm rol oynayır.
Onun sözlərinə görə, mütəxəssislərin sertifikatlaşdırılması və peşəkar inkişafı da həm maliyyə institutları, həm də tənzimləyici qurumlar üçün əhəmiyyətli məsələlərdəndir.
T.Əliyev əlavə edib ki, GRC sahəsinin inkişafı üçün təcrübə mübadiləsi və qabaqcıl beynəlxalq yanaşmaların müzakirəsi vacibdir. O, keçirilən konfransın Azərbaycanda korporativ idarəetmə, risklərin idarə edilməsi və komplayens təcrübəsinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.