Bakı. Trend:
Bu gün - 17 oktyabr Füzuli Şəhəri Günüdür. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində Füzuli şəhərini və ətraf yaşayış məntəqələrini işğaldan azad etdi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun hərbi məharətini və düşmənin gözləmədiyi istiqamətlərdən irəliləmək bacarığını nümayiş etdirən mühüm döyüşlərdən biri oldu.
Füzulinin azad edilməsindən bir neçə həftə sonra, noyabrın 8-də isə Şuşa şəhəri də azad edildi. Şuşa əməliyyatının diqqətçəkən məqamları ABŞ-nin Vest-Poynt Hərbi Akademiyasının nəzdində fəaliyyət göstərən Modern War Institute-un araşdırmasında təhlil olunub.
Araşdırmada Azərbaycan Ordusunun xüsusi təyinatlılarının gizli marşrutlarla irəliləməsi, sıldırım qayalara dırmaşaraq şəhərə daxil olması, düşmənin müdafiə mövqelərindən yan keçməsi və mürəkkəb hava şəraitində döyüş əməliyyatlarını davam etdirməsi xüsusi diqqət çəkir.
Araşdırmanın müəllifləri Liam Kollins, Ceyson Jiru və Con Spenser Şuşa döyüşünü müasir şəhər müharibəsinin mühüm nümunələrindən biri kimi qiymətləndirərək, Azərbacan Ordusunun qələbəsində xüsusi təyinatlıların peşəkarlığının, düzgün planlaşdırmanın, qüvvələrin əlaqələndirilmiş fəaliyyətinin və hərbi təşəbbüsün rolunu vurğulayırlar.
Gizli əməliyyat: hətta digər bölmələr də bütün detalları bilmirdi
Araşdırmaya əsasən, Şuşanın azad edilməsi üçün hazırlanan əməliyyat planının mühüm elementlərindən biri Azərbaycan xüsusi təyinatlılarının şəhərə müxtəlif istiqamətlərdən gizli şəkildə daxil olması idi.
2020-ci il noyabrın 2-də hər biri 15 hərbçidən ibarət dörd xüsusi təyinatlı qrupu şəhərə sızma əməliyyatına cəlb edildi. Qrupların hər biri öz sektorunda qayalıqları aşmaq üçün marşrut hazırlamışdı. Onların vəzifəsi şəhərə daxil olmaq, mövqelər tutmaq və əsas hücumun başlanmasını gözləmək idi.
Araşdırmada qeyd olunur ki, əməliyyatın məxfiliyi o qədər yüksək səviyyədə qorunurdu ki, Şuşanın qərb istiqamətində irəliləyən bəzi xüsusi əməliyyat bölmələri digər qrupların tapşırıqları barədə yalnız bir neçə həftə sonra keçirilən təhlil zamanı məlumat əldə etmişdilər.
Bu yanaşma əməliyyatın müxtəlif istiqamətlərdə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə, eyni zamanda hücumun əsas istiqamətinin düşmən tərəfindən əvvəlcədən müəyyən edilməsinin çətinləşdirilməsinə xidmət edirdi.
Sıldırım qayalar, kəndirlər və ağır döyüş şəraiti
Araşdırmanın ən diqqətçəkən məqamlarından biri Azərbaycan hərbçilərinin Şuşaya çatmaq üçün keçdiyi mürəkkəb dağlıq ərazidir.
Müəlliflərin məlumatına görə, cənub və şərq istiqamətlərindən hərəkət edən xüsusi təyinatlı qruplar təxminən 30 metr hündürlüyündəki sıldırım qayalara kəndirlərdən istifadə etməklə dırmaşmalı olmuşdular. Şimal istiqamətindən hərəkət edən qrup isə daha az sərt, lakin xeyli uzun marşrutu keçməli idi.
Bu istiqamətlərdən birində irəliləyən hərbçilər yüksəlişin son mərhələsində minaatan atəşinə məruz qalmışdılar. Buna baxmayaraq, qrup strateji yüksəkliyə çataraq Şuşanın kənarındakı mövqeyinə doğru hərəkətini davam etdirmişdi.
Cənub istiqamətindəki qrup isə kəndirlərdən istifadə etməklə qayalıqları aşaraq strateji zirvəyə itkisiz çatmış və daha sonra şəhərə daxil olmuşdu.
Bu faktlar əməliyyatın uğurunda təkcə silah və texnologiyanın deyil, Azərbaycan hərbçilərinin fiziki hazırlığının, dözümlülüyünün, mürəkkəb relyefdə hərəkət qabiliyyətinin və qarşıya qoyulan tapşırığı yerinə yetirmək əzminin də mühüm rol oynadığını göstərir.
Düşmənin arxasına keçid və gözlənilməz istiqamətlərdən hücum
Modern War Institute-un araşdırmasına görə, Azərbaycan xüsusi təyinatlıları sıx meşələrlə örtülü dağlıq ərazidən istifadə edərək erməni qüvvələrinin müdafiə mövqelərindən yan keçmişdilər. Bölmələr Şuşanın qərbindəki meşəlik yamaclara çatmaq üçün şəhərin kənarından təxminən 2-4 kilometr aralıda yerləşən marşrutlarla hərəkət etmişdilər.
Ərazinin sıx meşə örtüyü və dik yamacları onların hərəkətlərini gizlətməyə imkan verirdi. Bununla da Azərbaycan bölmələri düşmənin əsas hücumun hansı istiqamətdən həyata keçiriləcəyinə dair gözləntilərindən fərqli marşrutlardan istifadə edə bilmişdilər.
Eyni zamanda, digər Azərbaycan bölmələri Şuşakənd və Daşaltı istiqamətlərində fəaliyyət göstərərək erməni qüvvələrinin diqqətini və ehtiyatlarını şəhərdən kənarda saxlamağa çalışırdılar. Beləliklə, xüsusi təyinatlıların şəhərə daxil olması ilə adi qoşun bölmələrinin yayındırıcı və dəstəkləyici fəaliyyətləri vahid əməliyyat çərçivəsində əlaqələndirilirdi.
Duman Azərbaycan Ordusunun irəliləyişini dayandırmadı
Araşdırmada bildirilir ki, noyabrın 3-dən etibarən bölgədə sıx duman müşahidə olunmağa başladı. Əlverişsiz hava şəraiti Azərbaycan qüvvələrinin müharibə ərzində uğurla istifadə etdiyi pilotsuz uçuş aparatları və hava müşahidəsi imkanlarını məhdudlaşdırırdı.
Bununla belə, duman xüsusi təyinatlıların gizli hərəkətlərini ört-basdır etməyə də kömək edirdi. Nəticədə Azərbaycan hərbçiləri hava dəstəyinin məhdudlaşdığı şəraitdə də əməliyyatın əsas mərhələlərini davam etdirə bildilər.
Bu məqam müasir müharibədə texnoloji üstünlüyün mühüm əhəmiyyət daşımasına baxmayaraq, onun bütün şəraitlərdə eyni səviyyədə işləmədiyini göstərir. Şuşa əməliyyatında hazırlıqlı şəxsi heyət, ərazinin düzgün qiymətləndirilməsi və vəziyyətə uyğunlaşmaq bacarığı xüsusi əhəmiyyət kəsb edirdi.
Şuşa qalasına doğru irəliləyiş
Noyabrın 6-da hücum əmri verildikdən sonra xüsusi təyinatlıların şimal istiqamətində hərəkət edən bölüyü sübhə yaxın şəhərə daxil oldu. Araşdırmaya görə, bölük şəhərin şimalındakı tarixi Şuşa qalasını əsas hədəf seçərək həmin istiqamətdə irəlilədi.
Şəhərə diqqət çəkmədən daxil olan hərbçilər qala ərazisini və yaxınlıqdakı mövqeləri nəzarətə götürməyə başladılar. Qalanın tutulmasından sonra onun divarları boyunca müdafiə mövqeləri quruldu ki, mümkün əks-hücumların qarşısı alınsın.
Digər xüsusi təyinatlı bölmələr isə şəhərin müxtəlif sektorlarında irəliləyərək erməni qüvvələrinin müqavimətini dəf edirdilər. Döyüşlər küçələrdə, binaların ətrafında və yaxın məsafələrdə davam edirdi.
Əməliyyatın uğurunda qüvvələrin əlaqələndirilmiş fəaliyyəti
Araşdırmanın müəllifləri Şuşanın azad edilməsini yalnız xüsusi təyinatlıların fəaliyyəti ilə izah etmirlər. Onların qiymətləndirməsinə görə, xüsusi təyinatlıların peşəkarlığı mexanikləşdirilmiş və motoatıcı bölmələrin fəaliyyəti ilə tamamlanırdı.
Mexanikləşdirilmiş bölmələr Şuşakənd istiqamətində, motoatıcı bölmələr isə Daşaltı ətrafında fəaliyyət göstərərək erməni qüvvələrinin diqqətini şəhərdən kənara yönəldirdilər. Bu bölmələr həmçinin xüsusi təyinatlıların cinahlarının qorunmasına və düşmən ehtiyatlarının Şuşaya çatmasının çətinləşdirilməsinə töhfə verirdilər.
Müəlliflər vurğulayırlar ki, Azərbaycan xüsusi təyinatlılarının yüksək hazırlığı və çevikliyi ilə adi qoşunların canlı qüvvə, hərəkətlilik və atəş dəstəyi imkanlarının birləşdirilməsi əməliyyatın nəticəsinə təsir göstərən əsas amillərdən biri idi.
Şuşanın azad edilməsi müharibənin taleyini dəyişdi
2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşanın azad edildiyini elan etdi. Şəhərin strateji mövqeyi, Laçın istiqamətindəki nəqliyyat yollarına yaxınlığı və Azərbaycan xalqı üçün tarixi-mədəni əhəmiyyəti onun azad edilməsini Vətən Müharibəsinin həlledici mərhələsinə çevirdi.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı.
Modern War Institute-un təhlilində Şuşa döyüşünün əsas dərslərindən biri kimi peşəkar hazırlıq, liderlik, qüvvələrin əlaqələndirilməsi, mürəkkəb ərazidə hərəkət qabiliyyəti və dəyişən şəraitə uyğunlaşmaq bacarığı göstərilir.
Beləliklə, Şuşa əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi hərbi məharətin, xüsusi təyinatlıların yüksək hazırlığının və mürəkkəb döyüş şəraitində qarşıya qoyulan tapşırıqları yerinə yetirmək əzminin diqqətəlayiq nümunələrindən biri kimi dünya hərb elminin tarixinə düşüb.