Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrə Milli Bankı arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bu barədə AMB məlumat yayıb.
Məlumata əsasən, Mərkəzi Bankın sədri Taleh Kazimovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində İsveçrə Milli Bankının sədri Martin Şleqel ilə görüşüb. Görüş zamanı qlobal çağırışlar, maliyyə sektorunda izlənilən son tendensiyalar, həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş təşəbbüslər müzakirə olunub. Görüşdə ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə olunaraq gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İsveçrə Milli Bankı (SNB) İsveçrənin mərkəzi bankıdır və ölkənin pul-kredit siyasətini həyata keçirir. Bankın əsas vəzifəsi qiymət sabitliyini təmin etmək və bu zaman iqtisadi inkişafı nəzərə almaqdır.
SNB İsveçrənin Konstitusiyası və Milli Bank haqqında qanun əsasında fəaliyyət göstərir və öz mandatını yerinə yetirərkən müstəqildir. Bank ölkədə nağd pula olan tələbatı ödəmək üçün əsginaslar buraxır, sikkələrin dövriyyəsini təşkil edir və yararsız əskinasları dövriyyədən çıxarır.
Həmçinin, maliyyə sisteminin sabitliyinə töhfə verir və beynəlxalq pul-kredit əməkdaşlığında iştirak edir. Bankın idarəetmə və icra orqanı üç üzvdən ibarət İdarə Heyətidir. İdarə Heyəti pul-kredit siyasəti, aktivlərin idarə olunması strategiyası və maliyyə sabitliyi ilə bağlı əsas qərarlara cavabdehdir.