Bakı. Trend:
Azərbaycanda istehlak kreditləri üzrə işsizlik riskinin sığortalanması bankların risklərini və kapital tələblərini azalda, nəticədə müəyyən kredit seqmentlərində faizlərin aşağı düşməsinə şərait yarada bilər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, nəzərdə tutulan mexanizm dövlətin işsizlikdən sığorta sistemi ilə deyil, özəl sığorta şirkətləri tərəfindən təqdim edilən sığorta məhsulları ilə bağlıdır. Bu halda borcalanın işini itirməsi riskinin sığortalanması bankın üzərinə düşən maliyyə risklərini azalda bilər.
“Burada söhbət dövlətin işsizlikdən sığorta sistemindən deyil, özəl sığorta şirkətlərinin təqdim etdiyi sığorta məhsullarından gedir. Sığorta ödənişsiz olmayacaq, onun haqqı da nəzərə alınmalıdır. Lakin riskin bir hissəsi sığorta şirkətinə ötürüldükdə bankın riski azalır. Bu isə bankların kapital tələblərinin aşağı düşməsinə və daha çox kredit vermək imkanlarının genişlənməsinə şərait yarada bilər”, - deyə Ş.Mahmudzadə qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, bankların risklərinin azalması onların kreditləşmə ilə bağlı xərclərinə də təsir göstərə bilər. Nəticədə sığorta haqqı nəzərə alınmaqla belə, bəzi kredit seqmentlərində borclanmanın ümumi dəyəri aşağı düşə bilər.
O vurğulayıb ki, sığorta haqlarının məbləği bütün müştərilər və iqtisadiyyatın bütün sahələri üçün eyni olmayacaq. Qiymətlər işsiz qalma riskindən və digər amillərdən asılı olaraq müəyyənləşdiriləcək.
“Bəzi sektorlarda işini itirmə ehtimalı daha yüksək ola bilər. Belə hallarda sığorta haqqı da daha yüksək müəyyənləşdirilə bilər. Qiymətləri bazar özü formalaşdıracaq. Hazırda ayrı-ayrı sektorlar üzrə işsizlik riskini müqayisə etməyə imkan verən kifayət qədər məlumatımız yoxdur”, - deyə o bildirib.
Ş.Mahmudzadə əlavə edib ki, kredit faizlərinə sığorta mexanizmi ilə yanaşı, bankların kapitalının həcmi, ehtiyat tələbləri və digər amillər də təsir göstərir. Buna görə də faizlərin azalmasının miqyası bankdan və kreditin xüsusiyyətlərindən asılı olacaq.
“Biz tənzimləmə baxımından hesab edirik ki, bir sıra seqmentlərdə sığorta haqqı nəzərə alınsa belə, kreditin ümumi faiz yükü azala bilər. Lakin bu, bankın maliyyə vəziyyətindən və risk göstəricilərindən asılı olacaq. Orta hesabla xərclərin azalması gözlənilir”, - deyə AMB-nin baş direktoru vurğulayıb.
Ş.Mahmudzadə qorunan əmanətlərin sığortalanması mexanizminə də toxunub. O bildirib ki, bu sahədə əmanətlərin sığortalanması üzrə kompensasiya fondunun metodologiyasına əsaslanan dəyişikliklər nəzərdə tutulur. Məqsəd qorunan əmanətlərin əhatə dairəsinin bazar şərtlərinə uyğunlaşdırılması və banklar arasında rəqabətin gücləndirilməsidir.
Onun sözlərinə görə, yeni yanaşma çərçivəsində qorunan əmanətlərin faiz həddi bazardakı depozit faizlərinin dinamikası nəzərə alınmaqla müəyyən ediləcək. Beləliklə, depozit faizləri dəyişdikdə qorunan əmanətlərə tətbiq olunan hədd də müvafiq qaydada dəyişə biləcək.
“Əvvəllər bu hədd sabit idi. Yeni yanaşmada isə bazar şərtləri nəzərə alınacaq. Depozit faizləri artdıqda qorunan əmanətlər üzrə faiz həddinin də dəyişməsi mümkün olacaq. Bu, bazar prinsiplərinin işləməsinə və banklar arasında rəqabətin güclənməsinə xidmət edir”, - deyə o qeyd edib.
AMB rəsmisi bildirib ki, depozitlər üzrə faizlərin bazar şərtlərinə uyğun formalaşması əmanətçilərin bank seçiminə də təsir göstərə bilər. Belə ki, müştərilər bankların risk səviyyəsini və təklif etdikləri gəlirliliyi müqayisə edərək qərar verə biləcəklər.
Ş.Mahmudzadənin sözlərinə görə, hazırkı mərhələdə qorunan əmanətlər üzrə faiz həddinin müəyyənləşdirilməsində əvvəlki dövrün depozit faizlərinin və əlavə faiz marjasının nəzərə alınması müzakirə olunur. İlkin yanaşmada doqquz aylıq və üçillik dövrlər üzrə göstəricilərdən istifadə edilməsi, əlavə marjanın isə təxminən 2 faiz bəndi səviyyəsində müəyyənləşdirilməsi nəzərdə tutulur.
O vurğulayıb ki, yekun qərar Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətlərinə aiddir və müvafiq metodologiya əsasında qəbul ediləcək.