Bakı. Trend:
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar.
Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Bildirilib ki, 10-11 oktyabrda Rusiyanın Vladiqafqaz şəhərində olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıb. 15 ölkədən 300-dən artıq yeniyetmənin çıxış etdiyi turnirdə ölkəmizi U15 milli komandanın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən ikisi uğurlu çıxış edib.
Avropa çempionu Elvin Necəfzadə 85 kq-da bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq-da eyni uğura imza atıb.
Qeyd edək ki, yarışda III dərəcəli beynəlxalq hakim Nihad Muradov hakimlik edib.