Bakı. Trend:
“Uşaqlarda artritin ən çox rast gəlinən forması juvenil idiopatik artritdir”.
Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam həyat” verilişində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktorunun müavini – baş həkim Nizami Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, bu xəstəlik oynaqlarda davamlı iltihaba səbəb olur və uşağın hərəkət imkanlarına təsir göstərə bilər:
“Uşaqlarda artritin əsas əlamətlərinə oynaqda ağrı və şişkinlik, səhərlər və ya uzun müddət oturduqdan sonra yaranan sərtlik, oynaqda istilik və hərəkət məhdudluğu, axsama və yerimə tərzində dəyişiklik, qaçmaq, oynamaq və pilləkən çıxmaqda çətinlik, həmçinin tez yorulma və halsızlıq daxildir. Kiçik yaşlı uşaqlar ağrılarını tam ifadə edə bilmədikləri üçün valideynlər onların davranışındakı dəyişikliklərə diqqət yetirməlidirlər. Uşaq əvvəllər rahatlıqla etdiyi hərəkətlərdən qaçırsa, bir ayağını qoruyursa və ya səhərlər hərəkət etməkdə çətinlik çəkirsə, bu, artritin əlaməti ola bilər”.
Baş həkim qeyd edib ki, juvenil idiopatik artritin bəzi növlərində yüksək hərarət, dəri səpgiləri və göz iltihabı (uveit) da müşahidə oluna bilər:
“Uveit bəzən heç bir əlamət vermədiyinə görə artritli uşaqların mütəmadi olaraq göz müayinəsindən keçməsi vacibdir.
Diaqnoz adətən pediatr və ya uşaq revmatoloqu tərəfindən qoyulur. Həkim uşağın şikayətlərini öyrənir, oynaqlarda şişkinlik və ağrını, həmçinin hərəkət qabiliyyətini qiymətləndirir. ESR, CRP, ANA və RF kimi qan analizləri aparıla bilər. Zərurət olduqda ultrasəs, rentgen və MRT müayinələrindən də istifadə edilir.
Juvenil idiopatik artriti təsdiqləyən yalnız bir xüsusi analiz mövcud deyil. Buna görə də diaqnoz uşağın klinik əlamətləri, fiziki müayinə nəticələri, laborator və görüntüləmə müayinələrinin kompleks qiymətləndirilməsi əsasında qoyulur”.