Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizindəki ekoloji böhranın ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyini bəyan edib və onun ekosisteminin qorunması üçün təcili tədbirlər görülməsinə çağırıb.
Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidmətindən bildirilib.
Türkmənistanda keçirilən ilk Xəzər Ekoloji Sammitində çıxış edən Tokayev görüşün çağırılması ilə bağlı vaxtında və aktual təşəbbüsünə görə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova təşəkkür edib və Xəzərin region üçün strateji əhəmiyyətini nəzərə alaraq bu görüşü tarixi adlandırıb.
“Xəzər unikal təbii sərvət mənbəyi, milyonlarla insanın rifahının təminatçısı, bütün Avrasiya qitəsinin əsas nəqliyyat və enerji qovşağıdır. Buna görə də Xəzər dənizinin ekosisteminin qorunması, ilk növbədə, dövlətlərimiz tərəfindən xüsusi diqqət tələb edir”, – deyə dövlət başçısı bildirib.
O, İran Prezidenti Məsud Pezeşkianla razılaşaraq vəziyyətin artıq sadəcə ekoloji böhran deyil, mahiyyət etibarilə potensial təhlükəli nəticələri olan iqtisadi böhrana çevrildiyini qeyd edib.
“2000-ci ildən 2025-ci ilədək dənizin akvatoriyasının ümumi sahəsi 16 min kvadratkilometrdən çox azalıb. Bəzi ərazilərdə sahil xətti on kilometrlərlə geri çəkilib”, – deyə Tokayev bildirib.
Onun sözlərinə görə, su axınının azalması, iqlimin istiləşməsi və antropogen təsirlər dənizin həssas təbii sisteminə və biomüxtəlifliyinə son dərəcə mənfi təsir göstərir.
Tokayev həmçinin Xəzər suitilərinin taleyi ilə bağlı narahatlığını ifadə edib. Onların sayı son yüz il ərzində 1 milyondan 270 minə qədər azalıb.
O xəbərdarlıq edib ki, təcili və qətiyyətli tədbirlər görülməsə, ekoloji vəziyyət sürətlə pisləşəcək və bu, təkcə Xəzəryanı ölkələrin xalqlarına deyil, bütün beynəlxalq ictimaiyyətə düzəlməz zərər vuracaq.