Bakı. Trend:
Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, aqrar məhsulların emalı və ixrac potensialının gücləndirilməsi, eləcə də Orta Dəhliz və Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının inkişafı ikitərəfli iqtisadi əlaqələrin əsas perspektivli istiqamətlərindəndir.
Bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Trend-ə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq strateji müttəfiqliyin ən mühüm istiqamətlərindən biridir. Ölkələr arasında siyasi etimad, qarşılıqlı dəstək və biznes sektorunda formalaşmış sıx əlaqələr iqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
M.Rüstəmovun sözlərinə görə, hazırkı mərhələdə əsas məqsəd yalnız ticarət dövriyyəsini artırmaq deyil, həm də iqtisadi əməkdaşlığı şaxələndirmək, qarşılıqlı investisiyaların həcmini yüksəltmək və daha yüksək əlavə dəyər yaradan birgə istehsal sahələri formalaşdırmaqdır.
“Hesab edirəm ki, növbəti mərhələdə diqqətimizi texnologiya transferinə də yönəltməliyik. Azərbaycan Türkiyə şirkətləri üçün regional istehsal və ixrac platforması, Türkiyə isə Azərbaycan şirkətləri üçün geniş sənaye, texnologiya və beynəlxalq bazar təcrübəsinə çıxış imkanı yarada bilər”, - deyə o bildirib.
ATİB sədri qeyd edib ki, Türkiyədən olan iş adamları ilə görüşlərdə Azərbaycanın yalnız hazır məhsulların və ya xammalın satış bazarı kimi deyil, həm də burada istehsal olunan məhsulların geniş regional bazarlara çıxarılması üçün platforma kimi qiymətləndirilməsinin vacibliyi vurğulanır.
Onun sözlərinə görə, Azərbaycan ərazisində istehsal olunan məhsulların təxminən 300 milyonluq MDB bazarına çıxarılması potensialı Türkiyə şirkətləri üçün də əlavə imkanlar yaradır.
M.Rüstəmov bildirib ki, ATİB-in əsas vəzifələrindən biri bu potensialı real biznes əməkdaşlığına çevirməkdir:
"2026-cı il üzrə prioritet istiqamətlər sırasında Türkiyəli sahibkarlarla yerli biznes nümayəndələri arasında sahələr üzrə biznesdən-biznesə (B2B) görüş və əməkdaşlıq platformalarının genişləndirilməsi nəzərdə tutulur. Bu il üçüncü dəfə keçirilən Aqrar Biznes Forumu da kənd təsərrüfatı sahəsində yeni tərəfdaşlıqların qurulması, müasir təcrübənin öyrənilməsi və tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir".
Azərbaycan və Türkiyə şirkətlərinin üçüncü ölkələrə birgə çıxışı
ATİB sədri Azərbaycan və Türkiyə şirkətlərinin maliyyə imkanlarını, istehsal potensialını, texnoloji təcrübələrini və beynəlxalq əlaqələrini birləşdirməklə üçüncü ölkələrin bazarlarında daha rəqabətqabiliyyətli mövqe əldə edə biləcəklərini bildirib.
“Azərbaycan və Türkiyə şirkətləri maliyyə imkanlarını, istehsal potensialını, texnoloji təcrübələrini və beynəlxalq əlaqələrini birləşdirərək Mərkəzi Asiya, Yaxın Şərq və digər perspektivli bazarlarda daha rəqabətqabiliyyətli mövqelər əldə edə bilərlər”, - deyə o qeyd edib.
M.Rüstəmovun sözlərinə görə, bu istiqamətdə ATİB-in fəaliyyəti hələ ilkin mərhələdədir:
"Bununla belə, birliyin bir neçə üzvü artıq Mərkəzi Asiya ölkələrində layihələrin icrasına başlayıb. Gələcəkdə üzvlər arasında tərəfdaşlıqların genişlənməsi bu layihələrin miqyasının böyüməsinə və yeni bazarlarda birgə fəaliyyətin güclənməsinə şərait yarada bilər".
Aqrar sektorda əsas hədəf əlavə dəyər yaratmaqdır
M.Rüstəmov Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından aqrar sektorun əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın əlverişli iqlim şəraiti, müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi imkanları və ixrac potensialı Türkiyə şirkətləri üçün cəlbedici investisiya mühiti yaradır.
"Türkiyənin isə kənd təsərrüfatı texnologiyaları, istixana təsərrüfatları, suvarma sistemləri, toxumçuluq, heyvandarlıq və ərzaq emalı sahələrində zəngin təcrübəsi var. Bu iki potensialın birləşdirilməsi həm məhsuldarlığın artırılmasına, həm də yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edə bilər”, - deyə ATİB sədri bildirib.
O qeyd edib ki, müasir suvarma texnologiyalarının tətbiqi, rəqəmsal kənd təsərrüfatı həllərinin inkişafı, məhsulların saxlanması və çeşidlənməsi, soyuducu anbarların yaradılması, qablaşdırma və emal müəssisələrinin inkişafı əsas prioritetlər sırasındadır.
M.Rüstəmovun fikrincə, aqrar sahədə əsas hədəflərdən biri xammal ixracından daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına keçidi sürətləndirmək olmalıdır.
“Meyvə-tərəvəzin yalnız təzə məhsul şəklində deyil, eyni zamanda qurudulmuş, dondurulmuş, konservləşdirilmiş və digər emal olunmuş məhsullar şəklində ixracı daha geniş iqtisadi imkanlar yarada bilər”, - deyə o bildirib.
ATİB sədri əlavə edib ki, birlik aqrar sahədə fəaliyyət göstərən şirkətlər arasında texnologiya və idarəetmə təcrübəsinin paylaşılmasına, potensial investorlarla yerli istehsalçılar arasında əlaqələrin qurulmasına və investisiya imkanlarının təqdim edilməsinə dəstək göstərir.
Orta Dəhliz və Zəngəzur istiqamətində yeni imkanlar
M.Rüstəmov nəqliyyat və logistikanın Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının inkişafına birbaşa təsir göstərən strateji sahələrdən olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Şərqlə Qərbi birləşdirən coğrafi mövqeyi, Türkiyənin geniş nəqliyyat və sənaye infrastrukturu, eləcə də Orta Dəhlizə artan beynəlxalq maraq hər iki ölkə üçün yeni iqtisadi imkanlar yaradır. ATİB sədri qeyd edib ki, Orta Dəhlizin inkişafı və Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının yaradılması regional ticarətin genişlənməsinə, daşımaların səmərəliliyinin artırılmasına və yeni istehsal-təchizat zəncirlərinin formalaşmasına töhfə verə bilər.
“Bu marşrutların tam potensialından istifadə edilməsi Azərbaycanın tranzit imkanlarını gücləndirməklə yanaşı, Türkiyə ilə daha sıx iqtisadi inteqrasiyaya və Mərkəzi Asiya bazarları ilə əlaqələrin inkişafına şərait yarada bilər”, - deyə o bildirib.
M.Rüstəmovun fikrincə, nəqliyyat bağlantılarının inkişafı yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmamalı, rəqəmsallaşma və vahid məlumat mübadiləsi sistemlərinin tətbiqi də diqqət mərkəzində saxlanılmalıdır. İnvestisiya ehtiyaclarına toxunan ATİB sədri kənd təsərrüfatı və ərzaq məhsullarının daşınması üçün soyuq zəncir infrastrukturunun inkişafının ixrac imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O, həmçinin liman və dəmir yolu infrastrukturu arasında əlaqələndirmənin gücləndirilməsini mühüm istiqamət kimi qeyd edib. Bildirib ki, bu sahələrdə investisiya ehtiyacları yük axınlarının proqnozları və konkret layihələrin iqtisadi əsaslandırılması əsasında müəyyənləşdirilməlidir.
"Türkiyə şirkətləri logistika mərkəzlərinin idarə olunması, anbar texnologiyaları, rəqəmsal yük izləmə sistemləri, nəqliyyat xidmətləri və logistika infrastrukturunun qurulması sahələrində mühüm tərəfdaş ola bilərlər. Eyni zamanda, Azərbaycan və Türkiyə şirkətlərinin birgə logistika operatorları yaratması və regional yükdaşıma xidmətlərini əlaqələndirməsi üçün də imkanlar mövcuddur”, - deyə ATİB sədri əlavə edib.
O, sonda vurğulayıb ki, ATİB Azərbaycan və Türkiyənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı faydaya əsaslanan təşəbbüslərin inkişafı və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.