Bakı.Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iqtisadi əməkdaşlığın gücləndirilməsi və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının artırılması məqsədilə 2027–2030-cu illər üçün MDB-nin qabaqcıl sənaye və texnologiya layihələri portfelinin formalaşdırılmasını təklif edib.
Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Tokayev bu təkliflə cümə günü Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib.
Tokayev qeyd edib ki, MDB məkanının əhəmiyyətli hissəsində işgüzar əlaqələrin inkişafı və yeni istehsal müəssisələrinin yaradılması üçün müasir infrastruktur formalaşır.
O, qarşılıqlı ticarətdə əsassız maneələrin azaldılmasının, xidmətlər bazarının genişləndirilməsinin və qarşılıqlı investisiyalar üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıb. Prezident, həmçinin birgə təşəbbüslərin həyata keçirilməsinə inkişaf institutlarını, maliyyə təşkilatlarını və biznes dairələrini cəlb etməyə çağırıb.
“Bu baxımdan, 2027–2030-cu illər üçün MDB-nin qabaqcıl sənaye və texnologiya layihələri portfelinin formalaşdırılmasını təklif edirəm”, - deyə Tokayev bildirib.
Prezident sənaye və ticarət əlaqələrinin gücləndirilməsi məqsədilə Qazaxıstanın Rusiya, Özbəkistan və Qırğızıstanla sərhədlərində sərhədyanı sənaye-ticarət mərkəzləri şəbəkəsini inkişaf etdirdiyini qeyd edib.
O, nəqliyyat əlaqələrinin və tranzit potensialının inkişafını MDB ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin əsas istiqamətləri kimi səciyyələndirib.
“Qazaxıstan üçün Şimal-Cənub, Qərbi Çin-Qərbi Avropa dəhlizləri, eləcə də Transxəzər marşrutu prioritet əhəmiyyət daşıyır”, - deyə Tokayev bildirib.
Onun sözlərinə görə, bu dəhlizlərin əlaqələndirilməsi qitələrarası daşımaların səmərəliliyini artırmağa imkan verəcək. Tokayev əlavə edib ki, 2026-cı ilin mayında Qazaxıstanın təşəbbüsü ilə MDB-yə üzv ölkələrin ərazisindən keçən əsas nəqliyyat arteriyalarının əlaqələndirilməsi Konsepsiyası təsdiqlənib.
Tokayev, həmçinin Qazaxıstanın infrastruktur layihələrinə toxunaraq, 2026-cı ilin avqustunda uzunluğu 1 500 kilometrdən çox olan yeni Aral-Xəzər avtomobil magistralının tikintisinə başlanıldığını bildirib.
Prezidentin sözlərinə görə, layihənin həyata keçirilməsi Çindən Avropaya avtomobil marşrutunu təxminən 1 000 kilometr qısaltmağa, tranzit yüklərin çatdırılma müddətini isə üç günədək azaltmağa imkan verəcək.