Bakı. Trend:
İsrail oktyabrın 8-də Şərqi Qüdsdəki Böyük Britaniya konsulluğunu bağlayacaq, lakin britaniyalı diplomatları və onların ailə üzvlərini ölkədən çıxarmayacaq. Bu barədə The Times qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, nümayəndəlik diplomatik statusunu itirəcək, orada çalışan təxminən 30 diplomat isə fəaliyyətlərini Böyük Britaniyanın Təl-Əvivdəki səfirliyində davam etdirə biləcək. Bundan əvvəl London İsrailin bu addımına cavab olaraq Böyük Britaniyadan 30 israilli diplomatı çıxarmaqla bağlı xəbərdarlıq edib.
Oktyabrın 6-da Reuters agentliyi Britaniyanın Şərqi Qüdsdəki konsulluğunun bağlanmasının qarşısını almaq məqsədilə İsraillə gizli danışıqlar apardığını bildirmişdi. Agentliyin məlumatına görə, ötən həftə Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauell diplomatik nümayəndəliyin bağlanmasının qarşısını almaq məqsədilə İsrailə səfər edib. Konsulluğun bağlanması İsrail hakimiyyəti tərəfindən İordan çayının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisinə görə Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara cavab olaraq elan edilmişdi.
Sentyabrın 8-də Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı Böyük Britaniyanın İordan çayının Qərb sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrindən malların idxalına qadağa tətbiq etdiyini açıqlayıb. Sanksiya tədbirləri 2027-ci ildə qüvvəyə minəcək. Buna cavab olaraq İsrail tərəfi Şərqi Qüdsdəki Britaniya konsulluğunun 30 gün ərzində bağlanacağını bildirib.
“Şalom Ahşav” (“İndi sülh”) hüquq müdafiə təşkilatının məlumatına görə, İsrailin Planlaşdırma İdarəsi 2025-ci ilin avqustunda Qüds yaxınlığında, İordan çayının Qərb sahilində yerləşən Maale-Adumim yaşayış məntəqəsinin yaxınlığındakı E-1 zonasında 3,4 min mənzil tikintisi planını təsdiqləyib. Həmin il avqustun 8-də maliyyə naziri Betsalel Smotriç bu addımların məqsədinin “Fələstin dövlətini silmək” olduğunu bildirib. Müdafiə Nazirliyində Qərb sahilində məskunlaşma fəaliyyətinə də nəzarət edən siyasətçi avqustun 14-də Maale-Adumim yaşayış məntəqəsinin genişləndirilməsi layihəsinin bərpa edildiyini və E-1 zonasında yeni mənzillərin tikiləcəyini a