Bakı. Trend:
Yaponiya Çin tərəfdən Baş nazir Sanae Takaçinin adının vəzifəsi qeyd olunmadan çəkilməsindən sonra Pekini “lazımi hörmət göstərməyə” çağırıb.
“Fikir ayrılıqları olsa belə, hesab edirəm ki, beynəlxalq protokola əsasən, başqa ölkənin liderinə lazımi hörmət göstərilməsi öz-özlüyündə başadüşüləndir”, - deyə Yaponiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Toşihiro Kitamura çərşənbə günü bildirib.
Sentyabrın 30-da Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Tszyakun keçirdiyi mətbuat konfransında Yaponiyanın baş nazirini yalnız “Sanae Takaçi” adı ilə təqdim edib və adətən olduğu kimi onun vəzifəsini qeyd etməyib. Quo Yaponiyada nüvə silahlarına və nüvə sualtı qayıqlarına sahib olmaqla bağlı aparılan müzakirələrdən danışıb.
İki Asiya iqtisadi nəhəngi arasında diplomatik münasibətlər Takaçinin ötən il Tokionun Pekinin öz ərazisi hesab etdiyi Tayvana hücum halında müdaxilə edə biləcəyinə eyham vurmasından sonra ciddi şəkildə gərginləşib.
Son həftələrdə bir neçə yapon parlamentari diplomatik gərginliyi azaltmaq məqsədilə Çinə səfər edib. Takaçi bazar ertəsi parlamentdə hökumətin ümumi siyasətinə dair çıxışında Pekini “mühüm qonşu” adlandırıb və iki ölkə arasında sabit münasibətlər qurmaq öhdəliyini ifadə edib.