Bakı. Trend:
Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 kilometrlik avtomobil yolunun tikintisi davam etdirilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, müxtəlif hissələri I, II və III texniki dərəcəyə uyğun inşa olunan yol 4 və 2 hərəkət zolaqlı layihələndirilib.
Layihə çərçivəsində 4 körpünün və 56 suötürücü borunun tikintisi nəzərdə tutulub. Hazırda yol yatağının, suötürücü və digər süni qurğuların inşası həyata keçirilir.
Tikinti işlərinə 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti cəlb olunub. İşlərin fasiləsiz aparılması üçün ərazidə asfalt-beton zavodu, həmçinin karxana materiallarının çeşidlənməsi üzrə xüsusi istehsalat sistemi fəaliyyət göstərir.
Layihənin icrası nəticəsində Ağdamdan Ağdərəyə, buradan isə Suqovuşan və Kəlbəcərə uzanan vahid yol bağlantısı formalaşacaq.
Yeni yol Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat imkanlarının genişləndirilməsinə, yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsinə və Böyük Qayıdış çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin davamlılığına xidmət edəcək.