Ağdam. Trend:
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsinə start verilib.
Trend-in Qarabağ bürosunun bazar ertəsi verdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən panel bölgələrdə təşkil olunan silsilə müzakirələrin 25-cisidir.
Paneldə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, “Agro Dairy” MMC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Niyazi Əmirbəyov, “Azərşəkər” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Nəsib İslamzadə iştirak edirlər.
Müzakirə zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilən hədəflər və həmin istiqamətdə tətbiq olunan dövlət dəstəyi mexanizmləri müzakirə olunur.
Paneldə, həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün yaradılan imkanlar, Ağdamda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi, rayonun aqrar potensialı və sahibkarların bölgəyə cəlb olunması məsələləri müzakirə edilir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” (Dövlət Proqramı) Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilib. Aqrar Subsidiya Şurası sentyabrın 7-də yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə Dövlət Proqramında müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib.
Xəbər yenilənəcək



