Bakı. Trend:
Milli Aviasiya Akademiyası (MAA) “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində aviasiya və müdafiə sənayesi sahəsində hazırladığı innovativ layihələrlə təmsil olunub.
Sərgi çərçivəsində Milli Aviasiya Akademiyasının mühəndis və tələbələri tərəfindən hazırlanmış müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA), eləcə də aviasiya sahəsində tətbiq olunan müasir proqram təminatları nümayiş etdirilib.
Təqdim olunan layihələr arasında MAA-nın Elm-İstehsalat Birliyi və “PUA-ların işlənib hazırlanması laboratoriyası”nın mühəndisləri tərəfindən işlənib hazırlanmış innovativ test-diaqnostika qurğuları, hərbi təyyarələr üçün rəqəmsal qeydiyyat qurğusu, qumbaraatan simulyatoru, kabelaxtaran qurğu və müxtəlif təyinatlı PUA-lar yer alıb. Həmçinin MAA ilə müxtəlif şirkətlərin əməkdaşlığı çərçivəsində hazırlanmış MAS Engineering şirkətinin interseptor tipli PUA-ları, Türkiyənin “Orgsintez” şirkətinin termal örtükləri və “Türelsan” şirkətinin ağır yükdaşıyan dronu nümayiş etdirilib.
Sərgi ziyarətçilərinə MAA-da həyata keçirilən elmi-tədqiqat və mühəndislik işləri, PUA-ların texniki parametrləri, eləcə də hazırlanmış proqram təminatlarının funksional xüsusiyyətləri barədə məlumat verilib. Layihələrin bir qismi xüsusi videoçarxlar vasitəsilə nümayiş etdirilərək qurğuların iş prinsipləri və uçuş aparatları modellərinin uçuş-texniki imkanları əyani şəkildə təqdim edilib və ziyarətçilərin böyük marağına səbəb olub.
MAA-nın “ADEX 2026” sərgisində iştirakı aviasiya sahəsində yerli mühəndislik potensialının, innovativ texnologiyaların və elmi-texniki nailiyyətlərin nümayişinə xidmət edir.


