Bakı.Trend:
Təəssüf ki, erməni alimləri çox vaxt nalayiq davranırlar. Ermənistan tərəfi gürcülərin və azərbaycanlıların tarixini mənimsəmək cəhdləri ediblər və buna davam edirlər.
Bunu gürcü tarixçi, professor Bondo Arveladze Trend-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu cür iddialar təkcə Azərbaycanla məhdudlaşmır. Son illərin tarixi göstərir ki, Gürcüstanın mədəni və dini irsinə münasibətdə də analoji cəhdlər olub.
“2015-ci ildə Gürcüstandakı Erməni Apostol Kilsəsinin Yeparxiyasının Gürcüstan hakimiyyətinə məktub göndərərək 442 kilsə, monastır və onların xarabalıqlarının geri qaytarılmasını tələb etməsi ilə bağlı qalmaqal hələ də hər kəsin yadındadır. Məktuba müvafiq siyahı da əlavə edilmişdi. Söhbət təkcə dini tikililərdən deyil, onların torpaqlarından da gedirdi. Yəni söhbət Eçmiədzinin özünə tabe etmək istədiyi Gürcüstan ərazisindəki nəhəng mülkiyyətdən gedirdi”, - professor qeyd edib.
Erməni Yeparxiyasının öz məlumatlarına görə, söhbət müxtəlif tarixi dövrlərdə Gürcüstanda mövcud olmuş təxminən 650 erməni kilsəsi, monastırı və ibadətgahından gedir. Lakin Gürcüstana münasibətdə bu cəhdlər əsasən ikitərəfli səviyyədə həyata keçirilirsə, Ermənistan Azərbaycanın Alban irsinə dair iddialarını beynəlxalq müzakirələrə çıxarmağa, dünya elmi dairələrini də bu prosesə cəlb etməyə çalışır, deyə o bildirib.
“Ermənistan uzun müddətdir Qafqaz Albaniyasının irsinə iddia edir. Bu, həmişə Alban kilsələrinin erməniləşdirilməsi yolu ilə həyata keçirilib. Onların Alban irsinin ermənilərə məxsus olduğunu sübut etmək imkanları yoxdur və buna görə də saxtakarlıqlara əl atırlar. Buna göz yummaq olmaz. Onlar saxtalaşdırmalarına tez-tez xarici alimləri də cəlb edirlər, lakin yenə də heç nəyi sübut edə bilmirlər.
Əvvəllər Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində Qafqaz Albaniyasının çoxsaylı mənəvi mədəniyyət abidələri yerləşir. Azərbaycan Qafqaz Albaniyasının hüquqi varisidir. Azərbaycanda yaşayan udilər isə Qafqaz albanlarının yeganə nəsilləri, Alban kilsəsinin varisləridir. Qarabağın Alban məbədləri onlara məxsusdur. Beləliklə, ermənilərin bütün iddiaları heç nə ilə sübut olunmayıb və yalnız onların öz təxəyyülünə əsaslanır”, - gürcü alim deyib.
Müsahibimiz həmçinin hesab edir ki, Azərbaycan Alban irsini, o cümlədən turizm marşrutlarının təşkili vasitəsilə daha fəal və geniş şəkildə təbliğ etməlidir. Məsələn, “Alban kilsələri” marşrutunun yaradılması mümkündür. Professor Arveladze vurğulayıb ki, bu, Azərbaycan tarixinin çox maraqlı və zəngin hissəsidir.