Bakı.Trend:
Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) 2027-ci ilin sentyabr ayında Azərbaycana tanışlıq missiyası təşkil etməyi planlaşdırır.
Bu barədə BELGAZERCOM-un sədri Stef Qoris sentyabrın 30-da Bakıda keçirilən üçüncü biznes missiyası çərçivəsində Trend-ə özəl müsahibəsində deyib.
BELGAZERCOM son 18 ay ərzində Azərbaycana artıq üçüncü ticarət missiyasını təşkil edib. Missiyanın tərkibinə logistika şirkəti "Move Intermodal nv", yüksək səviyyəli orijinal italyan mətbəxi üzrə ixtisaslaşan "Giuliano Group", aşağıdan yuxarı suvarma sistemi ilə təbii ot örtükləri (qazon) istehsal edən "G&F Greentech", həmçinin videomeppinq üçün məzmunun hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşan kreativ studiya "Dirty Monitor" daxil olub.
Gələcək biznes missiyalarından danışan Qoris bildirib ki, 2027-ci ilin aprelində keçirilməsi planlaşdırılan növbəti missiyada iştirak edə biləcək iki şirkət artıq müraciət edib.
"Sentyabr ayında biz həmçinin şirkətlərin maraqlarını təmsil edən Belçikanın ən böyük biznes təşkilatı olan "Voka Limburq" ilə Bakıya birgə tanışlıq missiyası təşkil etməyi planlaşdırırıq. Missiya çərçivəsində Azərbaycana çox sayda şirkət, o cümlədən Limburq əyalətinin aparıcı müəssisələri gələcək. Onlar Azərbaycan bazarı ilə tanış olacaq və işgüzar əməkdaşlığın inkişafı imkanlarını araşdıracaqlar", - deyə o əlavə edib.
Qoris qeyd edib ki, BELGAZERCOM Azərbaycanın istehlak bazarını daha yetkin hesab edir və yüksək səviyyəli mallara, eləcə də dəbdəbəli məhsullara tələbat 20 il əvvəlki vəziyyətlə müqayisədə artıb.
"Belçika şirkətlərinin istehsal etdiyi və potensial olaraq Azərbaycan bazarında təqdim oluna biləcək premium məhsullar var. Söhbət yalnız şokoladdan getmir: Belçikada pivə istehsalı da çox inkişaf edib - ölkədə çoxsaylı xüsusi növlər də daxil olmaqla, təxminən 2 500 marka pivə istehsal olunur", - deyə o bildirib.