Bakı. Trend:
Ay və Marsa insanlı uçuşlar üçün hazırlanan “Starship” kosmik gəmisi bazar ertəsi ilk tammiqyaslı sınaq orbital uçuşunu həyata keçirəcək.
Bu barədə gəmini hazırlayan “SpaceX” şirkəti məlumat yayıb.
“Qarşıdakı uçuş zamanı “Starship” ilk dəfə Yerətrafı orbitə çıxmalıdır. Əvvəlki bütün uçuş sınaqları suborbital trayektoriyalar üzrə həyata keçirilib. (...) Orbitə çıxış “Starship”in hazırlanmasının növbəti mərhələsinə – tammiqyaslı və sürətli təkrar istifadəyə yararlı sistemin yaradılmasına yol açacaq”, - deyə şirkətin məlumatında bildirilir.
“Starship” kosmik gəmisinin sayca 14-cü sınaq uçuşunun sentyabrın 28-də ABŞ-ın Texas ştatının cənub-şərqində yerləşən Boka-Çika ərazisindəki “SpaceX” şirkətinin “Starbase” kosmodromundan həyata keçirilməsi planlaşdırılır. Buraxılış üçün yerli vaxtla saat 07:15-də (Bakı vaxtı ilə saat 16:15-də) açılacaq 75 dəqiqəlik zaman pəncərəsi nəzərdə tutulub.