Bakı. Trend:
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Bakı metrosunun üç stansiyasının iş saatı uzadılacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, sentyabrın 24-dən 26-dək “İçərişəhər”, “Sahil” və “28 May” stansiyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, həmin stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Sentyabrın 24-dən 25-nə və 25-dən 26-na keçən gecələr bu üç stansiya saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.
Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək. Qırmızı xəttin digər stansiyaları isə saat 00:00-da bağlanacaq.
Qeyd edək ki, bu gün Bakının sayca onuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə start verilir. Yarışın ilk günü saat 10:00-da Formula 2 üzrə sərbəst yürüşlə başlayacaq. Formula 1-də ilk sərbəst yürüş saat 12:30-da start götürəcək. Daha sonra Formula 2-də iki sıralama turu keçiriləcək. İlk yarış gününə Formula 1 üzrə 2-ci sərbəst yürüşlə yekun vurulacaq.
Sentyabrın 25-də Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 26-da əsas yarış baş tutacaq.