Bakı.Trend:
Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda pilotsuz uçuş aparatlarının (PUA) buraxılması və saxlanması üçün istifadə olunan 10 obyektə zərbələr endirib.
Bu barədə Pakistanın informasiya və teleradio yayımı naziri Attaulla Tarar bildirib.
Onun sözlərinə görə, sentyabrın 23-də Əfqanıstana məxsus PUA-lar Pakistanın hava məkanına daxil olub və İslamabadda bu, suverenliyin pozulması və təcavüz aktı kimi qiymətləndirilib.
“Pakistanın hava hücumundan müdafiə sistemləri müdaxilə edən bütün aparatları müəyyən edib, izləyib və onlar nəzərdə tutulan hədəflərə çata bilməmiş zərərsizləşdirib, bununla da hücum cəhdinin qarşısını tamamilə alıb. Pakistan özünümüdafiə üzrə suveren hüququnu həyata keçirərək, Əfqanıstan ərazisində həmin PUA-ların buraxılması və saxlanması üçün istifadə olunan 10 obyektə havadan və pilotsuz uçuş aparatlarının köməyi ilə yüksək dəqiqlikli zərbələr endirib”, - deyə Tarar X sosial şəbəkəsində yazıb.
Nazir Kabulu “Pakistana qarşı düşmənçilik fəaliyyətinə” dərhal son qoymağa və terrorizmlə mübarizə sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb.