Bakı.Trend:
Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi artmaqda davam edəcək.
Bunu ABŞ-da "Kazakh Invest" şirkətinin nümayəndəliyinin rəhbəri Marat Birimjan Nyu-Yorkda "Caspian Policy Center" (CPC) tərəfindən təşkil olunan VII illik Xəzər Biznes Forumu çərçivəsində deyib.
Birimjan Qazaxıstanın Orta Dəhlizin inkişafındakı artan rolunu, eləcə də ölkənin kritik əhəmiyyətli minerallar, istehsal, nəqliyyat və digər sahələrdə investisiya imkanlarını qeyd edib.
"Son yeddi ildə Orta Dəhliz üzrə trafik, yəni konteyner daşımaları beş dəfə artıb və bunun artmaqda davam edəcəyi gözlənilir", - deyə Birimjan bildirib.
O, həmçinin Qazaxıstanla ABŞ arasında ticarət-iqtisadi əlaqələrin genişləndiyini qeyd edib. Onun sözlərinə görə, ötən ilin sonunda Qazaxıstan və ABŞ şirkətləri istehsal, aqrobiznes, neft-kimya, kritik əhəmiyyətli minerallar, nəqliyyat və logistika kimi sahələrdə 17 milyard dollar dəyərində sazişlər imzalayıblar.
Birimjan vurğulayıb ki, investisiyaların daha da cəlb edilməsi layihələrin beynəlxalq investorlar üçün maliyyələşdirilmə imkanlarının artırılmasını tələb edəcək.
"Kazakh Invest-də biz hər gün Amerika şirkətləri ilə layihə-layihə işləyirik və onlara riskləri azaltmağa, layihələrin banklar üçün cəlbediciliyini artırmağa kömək etməyə çalışırıq. Lakin hər şeydən əvvəl investorlar üçün mövcud olan konkret investisiya imkanları və onların həyata keçirilməsi yolları barədə aydınlıq təmin etmək lazımdır. Bu layihələrin banklar üçün cəlbediciliyini artırsayıq və riskləri azaltsaq, əminəm ki, ölkələrimiz və region arasında daha çox layihənin imzalanmasının və sövdələşmələrin bağlanmasının şahidi olacağıq", - deyə o bildirib.