Bakı.Trend:
G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının Ali nümayəndəsi Yəməndəki vəziyyətlə bağlı birgə bəyanatla çıxış ediblər.
Bəyanatın mətni Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) saytında dərc olunub.
Bəyanatı Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-nin xarici işlər nazirləri, həmçinin Avropa İttifaqının Ali nümayəndəsi imzalayıb. G7 xəbərdarlıq edib ki, husilərin davam edən hücumları regional sabitliyə, qlobal enerji təhlükəsizliyinə, beynəlxalq ticarətə, eləcə də Qırmızı dənizdə və Bab-ül Məndəb boğazında gəmiçilik azadlığına təhdid yaradır.
G7 Yəməndə və Səudiyyə Ərəbistanı ərazisinə, o cümlədən mülki əhali və mülki infrastruktura qarşı həyata keçirilən hücumlar da daxil olmaqla, husilərin davam edən zərbələrini pisləyib və Yəmənin qanuni hökuməti ilə Səudiyyə Ərəbistanına həmrəyliyini ifadə edib.
Xarici işlər nazirləri husiləri hərbi əməliyyatları, mülki gəmiçiliyə qarşı təhdid və hücumları dərhal dayandırmağa və siyasi prosesə qayıtmağa çağırıblar. Onlar həmçinin BMT Təhlükəsizlik Şurasının 1747, 2140 və 2216 saylı qətnamələrinə istinad edərək, İranı husilərə silah tədarükünü və bu qrupa dəstəyini dayandırmağa çağırıblar.
G7 bildirib ki, bu hücumlar münaqişənin daha da kəskinləşməsinə, beynəlxalq ticarətin pozulmasına və qlobal iqtisadi qeyri-sabitliyin artmasına səbəb ola bilər.
Xarici işlər nazirləri qlobal təchizat zəncirlərində, xüsusilə enerji daşıyıcıları, gübrə və ərzaq tədarükündə uzunmüddətli fasilələrin qarşısını almaq üçün gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin, eləcə də bütün dünyada naviqasiya hüquq və azadlıqlarına riayət olunmasının zəruriliyini bir daha vurğulayıblar.