Bakı. Trend:
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə dəstəyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə icra etdiyi “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” layihəsi çərçivəsində işğaldan azad olunmuş Ağdərə rayonunun Həsənriz kəndində 2 təlim keçirilib.
Bu barədə BAMF məlumat yayıb.
Bildirilib ki, mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə hər iki təlim Ağdərə rayonu Həsənriz kənd tam orta ümumtəhsil məktəbində təşkil olunub.
Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Xudaverdi Quliyev layihənin icrasından danışaraq, onun həyata keçirilməsinə dəstək göstərən donor və tərəfdaş qurumlara təşəkkürünü bildirib. O, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla bağlı risklərin hələ də mövcud olduğunu qeyd edərək, əhalinin, xüsusilə də uşaqların və yeniyetmələrin bu təhlükələr barədə məlumatlandırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Həsənriz kənd tam orta ümumtəhsil məktəbinin direktoru Raisə Niftalıyeva çıxış edərək mina təhlükəsi kimi mühüm mövzuda məktəbdə maarifləndirmə təlimlərinin təşkilinə görə təşəkkürünü bildirib və bu cür tədbirlərin şagirdlərin təhlükəsizlik qaydaları barədə məlumatlılığının artırılması baxımından əhəmiyyətini qeyd edib. Ardınca Beynəlxalq Avrasiya Mətbuat Fondunun regional inzibati direktoru Ruslan İbrahimbəyli və İkinci Qarabağ müharibəsi şəhidi Xəyal Aslanovun anası, Ağdərə rayon sakini, BAMF-ın əməkdaşı Nəzakət Aslanova çıxış edərək Ağdərə rayonunda və o cümlədən, bütün işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların yaratdığı təhlükənin ciddiliyindən danışıblar.
Daha sonra təlimçi Kamran Məmmədli tərəfindən keçirilən təlimlər zamanı mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) proqramı çərçivəsində minalar və onların növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, mina riski olan ərazilərin əsas xüsusiyyətləri, şübhəli və təhlükəli əşya aşkarlandıqda düzgün davranış qaydaları, təhlükəli ərazilərdən uzaq durma və aidiyyəti qurumların məlumatlandırılması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.
Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi işğaldan azad edilmiş Ağdam, Ağdərə və Xocalı rayonlarında, eləcə də Xankəndi şəhərində çalışan, təhsil alan, qayıdış prosesində iştirak edən və ümumilikdə həmin ərazilərdə məskunlaşan əhali arasında mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirməni genişləndirməklə insanların həyat və sağlamlığının qorunmasına, mina hadisələrinin sayının azaldılmasına və təhlükəsizlik xarakterli qabaqlayıcı tədbirlərin gücləndirilməsinə dəstək olmaqdır.









