Ağdərə. Trend:
Gəncəsər Monastırını ziyarət etmək bizim üçün böyük xoşbəxtlikdir.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər Monastırını ziyarət edən Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafiq Danakari səfərlə bağlı təəssüratlarını bölüşərkən deyib.
R.Danakari Alban-Udi icmasının üzvlərinin uzun illərdən sonra Gəncəsər Monastırını ziyarət etməsinin onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Bu gün burada olduğumuz üçün çox xoşbəxtik. Torpaqlarımızın azad olunması nəticəsində artıq bu müqəddəs məkana rahat şəkildə gələ bilirik. Uzun illər, 100-200 il ərzində bura gələ bilməmişik.
Bu gün burada şəhidlərimizin ruhuna dualar oxuduq, onların xatirəsini yad etdik və şamlar yandırdıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bu gün bizim üçün başqa bir səbəbdən də əlamətdardır. Məryəm Ananın doğum günüdür. Bu əlamətdar gündə Gəncəsər Monastırında olmaq bizim üçün xüsusi məna daşıyır.
İstəyirik ki, bundan sonra da mütəmadi olaraq Gəncəsər Monastırını, eləcə də Azərbaycanın digər bölgələrində yerləşən kilsə və monastırları ziyarət edək, dualar edək və şamlar yandıraq.
Bu tarixi məkanların dünya ictimaiyyətinə tanıdılması da vacibdir. Çünki bunlar bizim tariximiz, mədəni və dini irsimizdir. İstəyirik ki, bütün dünya Qafqaz Albaniyasının tarixi irsinin bu gün də yaşadıldığını görsün”, – deyə R.Danakari bildirib.