Bakı. Trend:
Ermənistan Qafqaz Albaniyasına aid məbədləri erməniləşdirmək istəyir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, məqsəd Qafqaz Albaniyasında bir sıra qədim xristian abidələrinin "Böyük Ermənistan"la bağlı olduğunu göstərməkdir.
"Qafqaz Albaniyasının tarixi bu "Böyük Ermənistan" ideyasını müəyyən dərəcədə darmadağın edir. Ona görə onlar buna müqavimət göstərirlər. Azərbaycan ərazisində bir sıra dövlətlər var olub və hər bir dövlət bizim dövlətçiliyində, bizim milli kimliyimizdə müəyyən bir irs qoyub. Bu məsələlər hərtərəfli araşdırılmalıdır, bununla bağlı işlər gedir, kitablar dərc olunur . Amma təcrübə göstərir ki, burada hər hansı bir boşluq yarananda bundan istifadə edirlər.
Bizim ərazimizdə müxtəlif kilsələr var, biz bunları qoruyub saxlayırıq, o cümlədən erməni kilsəsini. Hadisələr göstərir ki, Ermənistanda radikallar təkcə müxalifətdə deyil, dövlətin içində də var”,- deyə F.Şəfiyev bildirib.
Qeyd edək ki, Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi tərəfindən “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda tədbir keçirilir.
Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, Qafqaz Tarixi mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov, BMTMM-in İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov, tarixçilər, siyasi ekspertlər və media nümayəndələri iştirak edib.