Bakı. Trend:
Bəzi marşrut avtobusları Moskva prospektindəki ("Şamaxinka") dayanacaq məntəqəsindən çıxarılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Moskva prospekti, “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır.
Bu marşrutların sərnişinləri “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə bilərlər.
Məlumata görə, “Şamaxinka” adlanan ərazidə isə dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq nişanlarla işarələnəcək. Bununla da ərazidə avtobusların dayanacaq ətrafında yaratdığı əlavə sıxlığın qarşısı alınacaq.
Qeyd edilib ki, həmin ərazidə artan sərnişin tələbatının qarşılanması üçün optimallaşdırma işləri və əlavə avtobusların cəlbi də daxil olmaqla kompleks tədbirlər davam etdirilir.