Bakı.Trend:
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə burqa və niqabın geyinilməsini qadağan edəcək qanun layihəsinin hazırlandığı barədə açıqlama verib.
Bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, sənəd həmçinin bir sinifdə xarici şagirdlərin sayının məhdudlaşdırılmasını da nəzərdə tutur. Meloninin sözlərinə görə, bu tədbir təhsilin keyfiyyətinin qorunmasına və inteqrasiyanın yaxşılaşdırılmasına yönəlib. O qeyd edib ki, italyan dilini bilməyən uşaqların sayının çox olması inteqrasiya prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir.
Bundan əlavə, ailələrin inteqrasiya ilə bağlı ciddi çətinliklərlə üzləşdiyi hallarda xarici şagirdlərin valideynlərinin italyan dilini öyrənməsinin məcburi edilməsi planlaşdırılır.
Bir sinifdə xarici şagirdlərin icazə verilən dəqiq sayı hələ müəyyən edilməyib. Fondazione ISMU-nun məlumatına görə, əcnəbilər İtaliya məktəblərində təhsil alan şagirdlərin 11,6 faizini təşkil edir.