Bakı. Trend:
1909-cu ilə qədər ermənilər heç Gəncəsər monastırının qapısını açmırdılar. Xudavəng də, Gəncəsər də xarabaxanaya çevrilmişdi.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, ümumiyyətlə, Qarabağda bütün xristian dünyası üçün mühüm olan üç kilsə var.
“Yəni tək Qarabağ üçün yox, tək Qafqaz xristianlığı üçün yox, ümumbəşər xristianları üçün üç kilsə var. Biri Gəncəsərdir, biri Xudavəng, biri də Amarasdır (Ağoğlan). Nəyə görə? Onların iddiasına görə, Gəncəsərdə peyğəmbər Yəhyanın başı basdırılıb. Yəhya müjdəçidir, İsa peyğəmbərin gəlməsində böyük rol oynayıb, özünü də şəhid edib.
İkincisi, sözsüz ki, Amarasdır - Ağoğlandır. Orada müqəddəs Qriqoris dəfn olunub. Gənc Qriqoris Albaniyanın birinci katolikos patriarxı olub. Üçüncüsü, Xudavəngdir. Burada da müqəddəs Faddey dəfn olunmuşdu. Antiterror əməliyyatından sonra ən birinci elə çəkilişdə biz gördük ki, ermənilər oranı qazıb və bütün o sümükləri, yəni müqəddəs Faddeyin nəşini aparıblar. Əslində, bu, barbarlıqdır, biz bunu qabartmalıyıq, bütün xristian dünyası görməlidir ki, bu vəhşilikdir.
R.Hüseynov əlavə edib ki, Alban irsi belə talan olunub, darmadağın edilib.
“Erməni yalançı tarixşünaslığından xristian Qarabağ irsini çıxartsan nə qalacaq? Çətin ki bir şey qalar. Qalır bir dənə Tiqran, o da ki yarıuydurma. Erməni tarixində nə adlar, nə hadisələr varsa,hamısı Parfiyanındır. Bütün Parfiya irsini yazıblar ermənilərə”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi tərəfindən “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda tədbir keçirilir.
Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, Qafqaz Tarixi mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov, BMTMM-in İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov, tarixçilər, siyasi ekspertlər və media nümayəndələri iştirak edib.