Bakı. Trend:
Hərbi müdaxilə və sanksiyalar uzunmüddətli sabitliyi, təhlükəsizliyi təmin etmir.
Bunu İndoneziyada keçirilən Dünya Dialoq Forumuna video formatda qatılan İran xarici işlər naziri Seyid Abbas Əraqçi deyib.
“İran hərbi gərginliyin azaldılmasını və regional əməkdaşlığın gücləndirilməsini önəmli hesab edir”, - deyə o qeyd edib.
İranlı nazir ABŞ və İsrailin regiondakı hərəkətlərini tənqid edib və beynəlxalq ictimaiyyətin hüququn ardıcıl tətbiqini təmin etməli olduğunu qeyd edib.
“Ölkələr diqqəti hərbi qarşıdurmadan inkişaf, dialoq və dövlət suverenliyinə hörmətə yönəldə bilərlər. Yaxın Şərqdə dayanıqlı təhlükəsizliyi kənardan diktə etmək olmaz. Region ölkələrinin təhlükəsizliyi özlərinə aid olmalıdır. Region ölkələri təhlükəsizlik, sabitlik, inkişaf və birgə gələcək haqqında danışıqlar apara və xarici qüvvələrin müdaxiləsi olmadan həll yolları tapa bilərlər”, - deyə o qeyd edib.
Əraqçi deyib ki, İran dayanıqlı təhlükəsizliyin region ölkələri arasında dialoq, etimadın yaradılması, əməkdaşlıq və qarşılıqlı hörmət əsasında əldə oluna biləcəyi qənaətindədir.
“Dünyanın hazırda ehtiyacı olan məsələ yeni paradiqmadır. Bu paradiqmada inkişaf təhlükəsizliyin bir hissəsi hesab edilməli, ölkələrin suverenliyinə hörmətlə yanaşılmalı, ayrı-seçkilik olmadan beynəlxalq hüquq hamı üçün bərabər şəkildə tətbiq edilməli, heç bir siyasi mənfəət, strategiya və ya geopolitika insanların həyatından daha önəmli olmamalıdır”, - deyə o bildirib.