Bakı. Trend:
Məhsul şəhadətnaməsi üzrə ilkin mərhələdə kiçik fermerlər üçün faiz və ya xidmət xərclərinin müəyyən hissəsinin subsidiya olunması imkanına baxıla bilər.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Vüqar İskəndərov komitənin bugünkü iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, məhsul şəhadətnaməsi fermerlərin və ümumilikdə kənd təsərrüfatı sahəsində çalışan insanların maliyyəyə daha sürətli çıxışını təmin etməyə imkan verəcək.
Onun sözlərinə görə, fermer məhsulu yetişdirdikdən sonra deyil, hələ əkinə başlamazdan əvvəl gələcək məhsul hesabına maliyyə və zəruri resurslar əldə edə biləcək.
“Fermer məhsul yetişdirəndən sonra deyil, hələ əkinə başlamazdan əvvəl gələcək məhsul hesabına maliyyə və zəruri resurs əldə edir. Bu, çox vacib məsələdir”, – deyə V.İskəndərov bildirib.
Deputat məhsul şəhadətnaməsi ilə bağlı əsas təkliflərindən birinin kiçik və orta fermerlərin hüquqlarının qorunması ilə əlaqədar olduğunu deyib.
O qeyd edib ki, bu cür maliyyə mexanizmlərində şəffaflıq təmin edilməli, fermer əvvəlcədən nə qədər vəsait aldığını, nə qədər öhdəlik götürdüyünü və nəticədə üzərinə düşəcək maliyyə yükünün nə qədər olacağını bilməlidir.
V.İskəndərovun sözlərinə görə, əks halda belə məsələlərdə böyük fermer təşkilatlarının və iri fermerlərin daha üstün mövqedə olması mümkündür.
“Burada çalışmalıyıq ki, qanunda kiçik və orta kənd təsərrüfatı sahəsində insanların da bu mənada hüquqlarını qoruyaq”, – deyə deputat vurğulayıb.
O bildirib ki, məhsul şəhadətnaməsinin tətbiqinin ilkin mərhələsində kiçik fermerlərin dəstəklənməsi məqsədilə stimullaşdırıcı proqramın həyata keçirilməsi məsələsinə baxılması və müzakirə olunması mümkündür.
Deputat təklif edib ki, ilkin mərhələdə kiçik fermerlər üçün məhsul şəhadətnaməsi üzrə maliyyə faizlərinin və ya xidmət xərclərinin müəyyən hissəsi subsidiya oluna bilər.
V.İskəndərov qeyd edib ki, məhsul şəhadətnaməsindən daha çox iri fermer təşkilatlarının və böyük fermerlərin səmərəli istifadə etmək imkanları olacaq.
O, məhsul şəhadətnaməsinin əldə edilməsi prosesində şəffaflıqla yanaşı, sadə sənədləşmənin də təmin edilməsinin vacib olduğunu bildirib.
Deputat qeyd edib ki, fermerlər əsas fəaliyyətlərini kənd təsərrüfatı sahəsində həyata keçirirlər və onların müxtəlif kabinetlərdə və qəbul proseslərində vaxt itirməsinin qarşısını almaq lazımdır.
Onun sözlərinə görə, məhsul şəhadətnaməsinin alınması ilə bağlı sənədlərin və prosedurların həm şəffaf, həm də sadə formada olması, çoxsaylı sənədləşmə və bürokratiyanın qarşısının alınması təmin edilməlidir.
“Şəhadətnamənin alınmasında əsasən şəffaflıqla bərabər həm də sadə sənədləşmə olmalıdır. Sənədlərin alınması, bu prosedurlar həm şəffaflıqla bərabər çox yüngül formada olmalıdır ki, çox sənədləşmə, bürokratiya olmasın”, – deyə V.İskəndərov bildirib.
Deputat hesab edir ki, bu yanaşma kənd təsərrüfatı sahəsində real fəaliyyət göstərən insanlara daha effektiv dəstək verməyə imkan yaradacaq.
V.İskəndərov məhsul şəhadətnaməsi haqqında qanun layihəsini yüksək səviyyədə hazırlanmış sənəd kimi qiymətləndirib.
“Düşünürəm ki, detallara da baxsaq, burada detalları da zənginləşdirsək, mükəmməl bir qanun alınacaq və fermerlərimizin maliyyəyə çıxışını asanlaşdıracaq”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, fermerlərə maliyyə məhsul satışından sonra deyil, məhsul yetişdirilməsindən əvvəl daha çox lazım olur.
V.İskəndərov qeyd edib ki, toxumların alınması və digər zəruri resursların əldə edilməsi üçün maliyyə vəsaitinə ehtiyac yaranır və məhsul şəhadətnaməsi bu maliyyəyə çıxışı asanlaşdıran mexanizm kimi çıxış edə bilər.
“Ən əsas bu insanlara maliyyə məhsul satandan çox məhsul yetişdirəndən qabaq lazımdır. Toxumların alınması, digər məsələlər bu insanlara bu maliyyə çıxışını asanlaşdıran bir qanundur”, – deyə deputat vurğulayıb.
O əlavə edib ki, məhsul şəhadətnaməsinin tətbiqinin nəticələrini görmək mümkün olacaq və bu istiqamətdə müvafiq addımların atılması vacibdir.
