Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 3 milyard 170,6 milyon manat məbləğində investisiya yatırılıb.
Trend-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 19,2 faiz çoxdur.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 2 milyard 548,9 milyon manatı neft-qaz sektoru, 621,7 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2025-ci ilin yanvar-avqust aylarındakı göstəricilərlə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 29,9 faiz artıb, qeyri-neft-qaz sektoru üzrə isə 11 faiz azalıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 677,8 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,4 faiz, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,4 faiz artıb.
Ümumi sərmayənin 7 milyard 40,7 milyon manatı (55,5 faizi) məhsul istehsalı sahələrinin, 3 milyard 850,6 milyon manatı (30,4 faizi) xidmət sahələrinin, 1 milyard 786,5 milyon manatı (14,1 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 43,8 faizi dövlət, 56,2 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 75,0 faizini təşkil edib. 2026-cı ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 46,2 faizi sənaye, hər biri 21,7 faiz olmaqla tikinti, nəqliyyat və anbar təsərrüfatı, 2,5 faizi informasiya və rabitə, 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,6 faizi təhsil, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, hər biri 0,2 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.